Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 30-da hərrac keçirilib.
Komitədən bildirilib ki, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” MMC olub. Belə ki, adıçəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Həmin müəssisənin torpaq sahəsi 93 min 604 kvadratmetr, ümumi faydalı sahəsi isə 4 min 258 kvadratmetr təşkil edir. Bundan başqa, Göyçay rayonunda yerləşən qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Bu əmlakın qiyməti 52 min 500 manatdır. Ümumi faydalı sahəsi 28,6 kvadratmetr, torpaq sahəsi isə 9 min 801 kvadratmetr təşkil edir.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü bölgələrdə yerləşir. Bunlardan biri Ağdamda, biri İmişlidə, biri isə Göyçaydadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 2-si paytaxtın Suraxanı, Yasamal rayonlarında, digərləri isə Abşeron və Yevlaxda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 50 min manat olub. Ümumi faydalı sahəsi isə 60 kvadratmetrə yaxındır. Ən ucuz qiymətə özəlləşdirilən əmlak 3 min 500 manat olub. Ümumi faydalı sahəsi isə 17,7 kvadratmetr təşkil edib. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 16,7 kvadratmetr ilə 131,2 kvadratmetr, qiymətləri isə 3 min 500 manatla 50 min manat arasında dəyişib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq linkdən istifadə etmək olar.
Qeyd edək ki, ƏMDK tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac iyunun 6-da keçiriləcək. Hərraca çıxarılan əmlaklarla http://www.privatization.az/index.php
keçidindən istifadə etməklə tanış olmaq mümkündür.