Apreldə 195-2 Çağrı Mərkəzinə 1070 müraciət daxil olub


14952485495108034279_1000x669

Aprel ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1070 müraciət daxil olub. Bu müraciətlərin 840-dan çoxunun canlı rejimdə, 220-dən çoxunun isə səsli menyu vasitəsilə cavablandırılması təmin edilib. Fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Mərkəzə 66 mindən çox müraciət daxil olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müraciətlər əsasən sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, həmçinin investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və bu qurumun səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə müvafiq tədbirlər görülməsi məqsədilə nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir.

Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

2017-05-20 / 10:10
Facebook