Azərbaycan xarici investisiyalar, eləcə də Qətər sərmayələri üçün əlverişli məkandır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə Bakıda Qətər Dövlətinin "Barva Bank"ının sədri Şeyx Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, "Xəzər" Beynəlxalq İnvestisiya Şirkətinin, "PAŞA Holding"in, "Gilan Holding"in və "Synergy Group"un rəhbər vəzifəli şəxsləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığı, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyəti vurğulanıb. Qətər Dövləti nümayəndə heyətinin Azərbaycana səfəri də məhz dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi barədə verdikləri tapşırıqların icrası ilə bağlıdır.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib. Bildirilib ki, son 10 ildə ÜDM 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb. Vurğulanıb ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir.
Bu ilin birinci rübü üzrə qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın, qeyri-neft ixracı 10 faiz artıb. Azərbaycan regionun əlverişli mövqeyə malik olan tranzit mərkəzidir. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri çərçivəsində yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və bu ərazidə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit imkanlarını daha da gücləndirir.
Azərbaycanın siyasi cəhətdən tam sabit ölkə olması, yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri xarici investorlar üçün geniş imkanlar açır, Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Təsadüfi deyildir ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub, bunun yarısı xarici sərmayələrdir. Azərbaycan xarici investisiyalar, eləcə də Qətər sərmayələri üçün əlverişli məkandır.
Azərbaycan Qətər Dövləti ilə uğurlu iqtisadi əməkdaşlıq edir, birgə biznes-forumlar, işgüzar görüşlər təşkil olunur. Bu il Qətərə Azərbaycanın ixrac missiyası təşkil edilib və bir sıra razılaşmalar əldə olunub. 2017-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsində ciddi artım müşahidə edilir.
Qətər Dövləti nümayəndə heyətinin rəhbəri, "Barva Bank"ın sədri Şeyx Məhəmməd Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.