Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqları ilə bağlı məlumatların şəffaflığı, açıqlığı və əlçatanlığı tam təmin olunub.
Komitədən bildiriblər ki, daşınmaz əmlakın qeydiyyat ilə bağlı göstərilən xidmətlərin tarifləri və rüsumları barədə məlumatı komitənin rəsmi informasiya portalından (emdk.gov.az) almaq mümkündür. Bununla yanaşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və onların rayon şöbələrinin inzibati binalarında görünən yerdə dövlət rüsumu və xidmət haqqı ilə bağlı müvafiq məlumat lövhələri də yerləşdirilib. Lövhələrdə tələb olunan ödənişlər barədə məlumat əks olunub.
Eyni zamanda belə məlumatlar Tarif Şurasının portalında da (tariffcouncil.gov.az) yerləşdirilib. Dövlət rüsumunun tutulduğu hallar və onun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə, xidmət haqqının tutulduğu hallar və onun tarifləri isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyun 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən edilib.
Dövlət rüsumu və xidmət haqlarının alınması tam olaraq nağdsız həyata keçirilir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu və xidmət haqqının məbləği elektron hökumət portalı və ya banklar vasitəsilə ödənilir. Dövlət rüsumunun alınmasında məqsəd büdcə daxilolmalarının artırılmasıdır. Xidmət haqqının alınması zəruriliyi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin özünümaliyyələşdirmə qaydasında fəaliyyət göstərməsi və həmin xidmət haqqından daxil olan vəsait əsasında öz fəaliyyətini maliyyələşdirməsi ilə bağlıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə dövlət büdcəsindən hər hansı vəsait ayrılmır.
Tarif Şurası tərəfindən təsdiq olunan rüsum və xidmət haqları daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə ilkin, təkrar çıxarışın verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülüyünə dair arayış (Forma1) təqdim edilməsi kimi bir sıra qeydiyyat xidmətlərini əhatə edir. Xidmət haqlarının məbləği isə göstərilən xidmətin növünə görə dəyişir. Xidmət haqları eyni zamanda əmlakın sahəsinə, ölçüsünə, yerləşdiyi əraziyə və digər parametrlərə görə fərqlənir.
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün “Dövlət rüsumu haqqında” Qanununun 26.1.1-ci maddəsinə əsasən 30 manat təşkil edir. Təkrar çıxarışın əldə edilməsinə görə müəyyən olunmuş rüsum isə 10 manatdır. Çıxarışlar vətəndaşlara 10 iş günü ərzində verilir. Ancaq əmlakının dövlət qeydiyyatına alınmasına dair müraciət edən şəxs müəyyən olunmuş müddətdən tez çıxarışını əldə edə bilər. Bu zaman isə rüsumun məbləği yüksəlir. Belə ki, Bakıda qeydiyyat 5 iş günü olarsa rüsumun məbləği 50 faiz, 3 iş günü olarsa 100 faiz, rayonlarda isə müvafiq olaraq 30 faiz və 50 faiz artır.
Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi xidmətindən yararlanmaq üçün “Dövlət rüsumu haqqında” Qanununun 26.1.2-ci maddəsinə əsasən 50 manat məbləğində rüsum ödənilməlidir. Təkrar texniki pasportun alınmasına görə müəyyən olunmuş rüsum isə 10 manat təşkil edir. Lakin qeyd edilməlidir ki, texniki pasport üçün rüsumlar sahədən və zonadan asılı olaraq dəyişkəndir.
Əmlak Məsələləri Dövlət Komitəsinin ipoteka ilə bağlı qeydiyyat xidmətlərindən olan ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xidmətlərinə görə isə 10 manat məbləğində rüsum ödənilir. Sənədləşmə isə 3-5 iş günündə yerinə yetirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin daha çox istifadə olunan qeydiyyat xidmətlərindən biri də daşınmaz əmlakın yüklülüyünə dair arayış (Forma1) verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi müvafiq qaydalara riayət edilməklə həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə dövlət rüsumu 10 manat məbləğində müəyyən olunub. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi üçün 20 manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutululub. Qeyd edilməlidir ki, komitə tərəfindən daşınmaz əmlakın yüklülüyünə dair arayışın ( Forma1) verilməsi onlayn qaydada da həyata keçirilir.
Bundan başqa komitə tərəfindən istifadəyə verilən “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilərlər.
Qeyd edilməldir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər elektron üsulla da həyata keçirilir.