Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYT) İnformasiya Texnologiyalarının İnkişaf Fondunun dəstəyi ilə Azərbaycanın Startap Portalının yaradılması başa çatıb.
İnformasiya Mərkəzindən bildiriblər ki, Startup.az ünvanında fəaliyyət göstərən portalın əsas məqsədi Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləmək, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların Tərəfdaşı statusunda fəaliyyətini davam etdirməkdir.
Startup.az ofisindən bildirilib ki, portal startap ekosisteminin inkişafı ilə bağlı maraqlı tərəfləri əməkdaşlığa dəvət edir.
Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcəkdir.
İngilis dilində məlumatların olması xarici investorların ölkəmizin startaplarına marağını artıracaq, milli startap ekosisteminin qlobal inteqrasiyasını tezləşdirəcəkdir.
Yeni yaradılmış portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdirir. Portalda mühüm yeniliklərdən biri Azərbaycan startaplarının bazasının yaradılmasıdır. Tətbiq olunmuş funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcək.
Daha maraqlı yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının (“Startap Kadr”) yaradılmasıdır. Belə ki, hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək. Bu yanaşma startaplara komanda formalaşdırmağa, mütəxəssislərə isə maraqlı startaplara qoşulmağa imkan verəcək.
“İnvestor” bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək.
Startaplara aid yerli və beynəlxalq tədbirlər, tədris proqramları, xəbərlər, məqalələr, müsahibələr startapda mütəmadi olaraq yerləşdiriləcək.
Daha mühüm yenilikdən biri də startaplara zəruri olan müxtəlif servislərin portalda xüsusi bölmədə yerləşdirilməsidir. Biznesdə ilk addımlarını atan startaplar onlara zəruri olan servislər haqqında məlumatları daha rahat formada əldə edə biləcək.
Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında Startup.az bir “körpü” olmağı nəzərdə tutur.
Qeyd edək ki, portal sınaq mərhələdə (“beta”) mayın 17-dən istifadəyə verilib. Hazırda portalın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.