Yanvar-apreldə pərakəndə ticarət şəbəkəsində 10,2 milyard manatlıq məhsul satılıb


14949046634383154621_1000x669

Yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini 1,7 faiz üstələyərək 10,2 milyard manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 və 2,7 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebellərin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 35,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7, fərdi sahibkarlar üzrə 2,5 faiz artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

2017-05-16 / 09:10
Facebook