Moskvada Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirilib


14948466225744111066_1000x669

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını dəstəkləmək üçün Moskvada Rusiya paytaxtının ali məktəblərində təhsil alan tələbələr arasında Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirilib. Turniri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) təşkil edib.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev Kubokun təntənəli təqdimetmə mərasimini acaraq, turnir iştirakçılarını yarışların uğurla başa çatması münasibətilə təbrik edib. O, iştirakçılara Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışaraq bildirib ki, Oyunlarda 50-dən çox ölkəni təmsil edən 3 mindən artıq idmançı iştirak edir. Onlar 16 idman obyektində idmanın 23 növü üzrə mübarizə aparırlar. Oyunlarda 1600 medal təqdim etmək planlaşdırılır. E.Hacıyev vurğulayıb ki, Azərbaycanda və Rusiyada kütləvi idmanın inkişafına dövlət səviyyəsində böyük əhəmiyyət verilir. Məsələn, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə bu ölkədə “Əməyə və müdafiəyə hazıram” Ümumrusiya bədən tərbiyəsi və idman kompleksi” layihəsi işlənib hazırlanıb. Sağlam həyat tərzinə və idmana marağın artmasına tuşlanan layihə təkcə fiziki sağlamlıq üçün deyil, həm də gənclərin mənəvi tərbiyəsi, onları vətənpərvərlik ruhunda yetişdirilməsi üçün böyük əhəmiyyət daşıyır. O, Rusiyanın azərbaycanlı gənclərini proqrama fəal qoşulmağa çağırıb.

Mini-futbol turnirinin qalibi Moskva Şəhər Pedaqoji Universitetinin komandası olub. İkinci yeri Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandası tutub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun və Rusiya Gömrük Akademiyasının komandaları turnirin bürünc mükafatçıları olublar.

Mini-futbol turnirinin ən yaxşı oyunçularına həvəsləndirici mükafatlar təqdim edilib. Asəf Eyubov “Ən yaxşı oyunçu”, Musa Bayramov “Ən yaxşı qapıçı”, Timur Ersoy “Ən yaxşı bombardir” adlarına layiq görülüblər.

2017-05-15 / 17:12
Facebook