Tanınmış idmançılar Azərbaycanın paytaxtına toplaşıblar və mən çox xoşbəxtəm ki, IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanmışam. Doğrudur, dünya çempionatında da, qitə çempionatında da zəfər qazanmışam, amma qardaş ölkədə keçirilən İslamiadanın qızıl medalının ürəyimdə həmişə xüsusi yeri olacaq.
Bu sözləri “Bakı-2017” Oyunlarında kişilər arasında 50 metrdən tapança ilə atəşaçma yarışlarının çempionu Yusuf Dikec (Türkiyə) məxsusi müsahibəsində səsləndirib.
Final görüşü barədə təəssüratlarını bölüşən türkiyəli atlet deyib: “Təsnifat mərhələsindən sonra iranlı atlet Məhəmməd Əhməd liderlik edirdi, amma final görüşünün ortalarına doğru səhvə yol verməyə başladı və nəticədə bürünc medalla kifayətlənməli oldu. Omanlı idmançı isə əksinə, finalın sonuna doğru diqqətini cəmlədi və xallarını mənimlə bərabərləşdirdi. Nəticədə qalibi müəyyən etmək üçün əlavə raund tələb olundu və bu raundda mən daha sərrast atəş açdım”.