Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları müzakirə edilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindənbildirilib ki, müzakirələr mayın 12-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Ş.Mövsümov qonaqlara ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.
Görüşdə ARDNF-in Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti fondun muzeyi ilə tanış olub.