Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
İdmançıları və onların məşqçilərini IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə imzalanan Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafat veriləcək.
IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşəcək idmançılar Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən də mükafatlandırılacaqlar. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, idmançılar və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilir:
- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.