“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çoxsaylı idmançıların və qonaqların ölkəyə gəliş-gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası və avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb. Plana əsasən, Oyunların açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri zamanı saat 18.00-dan saat 01.00-dək bileti olan tamaşaçıların və qonaqların, habelə akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından metronun "Koroğlu" stansiyasınadək "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
Eyni zamanda, Bakı sərnişin stansiyasında və "KİSS" markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycana və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq.
Yarışların keçirildiyi müddətdə Bakı sərnişin stansiyasında və "Koroğlu" metro stansiyasında sıxlıq yaranmasının qarşısının alınması məqsədilə sərnişinlərin qarşılanması və yönləndirilməsi, həmçinin Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.