İxrac və idxal əməliyyatlarında tələb olunan sənədlərin azaldılması Azərbaycanın mövqeyini bir qədər də yüksəldəcək.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Nicat Hacızadə Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına" dəyişiklikləri şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin son qərarına əsasən, ixrac-idxal əməliyyatlarında sərhəd-keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, bu dəyişlikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq həmin sənədlər qaydalardan çıxarılıb. Bununla bağlı qərar Azərbaycan Respublikası Prezidentinin "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 4 mart tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qəbul olunub. Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatlarında tələb olunan sənədlərlə əlaqədar etdiyi dəyişikliyin qabaqcıl iqtisadiyyata malik ölkələrin təcrübəsinə əsaslandığını bildirən Mərkəzin analitiki deyib ki, bütün bunlar sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməsinə yönəlmiş növbəti islahat tədbirlərinin bir hissəsidir.
Ekspert əlavə edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün bir sıra tədbirlər həyata keçirilib. İxrac-idxal əməliyyatlarında sənədlərin azaldılması sahibkarların öz risklərini tənzimləmələrinə imkan verəcək. Belə ki, ixracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı lazım gəlməyəcək. Sahibkarlar ixracın nəzərdə tutulduğu ölkənin tələblərinə uyğun olaraq, həmin sənədləri könüllü şəkildə ala bilərlər. Bundan əlavə, ixrac və idxal əməliyyatlarında mənşə sertifikatı "Malların perefensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydalarının" 10.1-ci bəndində göstərilən hallarda tələb ediləcək.
Nazirlər Kabinetinin qaydalarına edilən dəyişikliyin ölkənin beynəlxalq reytinqlərdə mövqeyinə də təsir göstərəcəyini vurğulayan Nicat Hacızadə tələb olunan sənədlərin azalması nəticəsində ölkənin mövqeyinin yüksələyəcəyini vurğulayıb.
"Bildiyimiz kimi, beynəlxalq reytinqlərdə gömrük fəaliyyətini tənzimləyən müxtəlif indikatorlar var ki, onlardan biri də "Sərhəddə ticarət" göstəricisidir. Sözügedən indikatorda ixrac və idxal əməliyyatlarında tələb olunan sənədlərin azaldılması Azərbaycanın mövqeyini bir qədər də yüksəldəcək. Nəzərə almaq lazımdır ki, sərhəddə ticarət göstəricisi xarici investorların xüsusi diqqət mərkəzində olduğundan, ölkəyə xarici investisiya axınının da artması gözləniləndir", - deyə ekspert bildirib.
Rəqəmsal Ticarət Qovşağının fəaliyyətinə toxunan Nicat Hacızadə vurğulayıb ki, Azərbaycanda istehsal olunan məhsullar üzrə tələb olunan sənədlər vahid pəncərə ilə elektron qaydada veriləcək. Azərbaycan Prezidentinin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il tarixli 22 fevral Fərmanına əsasən, ölkəmizdə istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələr vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.