“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 92 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 83,8 faizi, TANAP-ın tikintisi üzrə işlərin 69 faizi, TAP-ın inşası üzrə işlərin isə 40,3 faizi icra edilib.
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, bunu CQD-nin baş direktoru Əfqan İsayev deyib. Ə.İsayev qeyd edib ki, inşaat işləri uğurla davam etdirilir.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Layihənin seqmentlərini “Şahdəniz Mərhələ 2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
"Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz qaz boru kəməri, yeni tikiləcək TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
"Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.