Mali Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır


1494050953758428925_1000x669

Mali Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu fikirlər şirkətin prezidenti Rövnəq Abdullayevin “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita ilə görüşündə səsləndirilib. Ali qonağı salamlayan R.Abdullayev Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Zakir İbrahimovu və iqtisadiyyat nazirinin müavini Sahil Babayevi ona təqdim edib.

Bildirilib ki, Azərbaycan və Mali arasında dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər mövcuddur. Mali Prezidentinə Azərbaycanın iqtisadiyyatı, o cümlədən neft-qaz və müdafiə sənayesi, “AzerGold” QSC haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycan ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası çərçivəsində böyük nailiyyətlər əldə edib, regional və qlobal əhəmiyyətli möhtəşəm layihələr icra olunub. Hazırda Azərbaycan dünya bazarında həm xam neft, həm də mühüm təbii qaz ixracatçılarından biri kimi tanınır. Bu sahədə həyata keçirilən irimiqyaslı layihələr qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. SOCAR bütün bu layihələrdə Azərbaycanı təmsil etməklə yanaşı həm də xarici bazarlarda iştirak payını genişləndirir, dünyanın bir çox ölkələrində, o cümlədən Afrika qitəsində də uğurlu neft-qaz əməliyyatları həyata keçirir.

Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirən Mali Prezidenti ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji, müdafiə sənayesi sahələrində Azərbaycanın zəngin təcrübəsinə və imkanlarına ehtiyac duyduqlarını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının vacibliyinin vurğulandığını söyləyən Mali Prezidenti bunun üçün geniş perspektivlərin olduğuna bir daha inandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan və Mali dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı bu münasibətlərin ikitərəfli müstəvidə davam etdirilməsi üçün möhkəm zəmin yaradır.

Görüşdə Azərbaycan və Mali nümayəndə heyətləri arasında müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.

2017-05-06 / 11:14
Facebook