Afinada Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin icrası müzakirə olunub.
Müzakirələr TAP konsorsiumu və Azərbaycanın Yunanıstandakı səfirliyi ilə birgə təşkil edilən tədbirdə aparılıb. Tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin və Yunanıstan Xarici İşlər Nazirliyinin 50-dən çox nümayəndəsi iştirak edib.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev nəhəng enerji layihəsi olan "Cənub Qaz Dəhlizi"nin bir seqmentini təşkil edən TAP-ın siyasi, geosiyasi və biznes səviyyəsində mühüm əhəmiyyətini vurğulayıb.
Layihənin icra vəziyyəti barədə məlumat verən TAP-ın icraçı direktoru Yan Bradşou deyib ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan TAP Avropa İttifaqının enerji təhlükəsizliyinın təmin olunması və şaxələndirilməsini üzrə strateji hədəfləri təmin edir.
Boru kəmərinin 550 kilometrlik Yunanıstan hissəsi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb, TAP kəməri marşrutu üzrə 270 kilometr ərazi təmizlənib, xətt boyunca 234 kilometr boru düzülüb. Boruların 203 kilometri qaynaq edilib. Eyni zamanda, 165 kilometr xəndək qazılıb, 134 kilometrlik hissədə borular xəndəyə endirilib. Artıq xəttin 115 kilometrlik hissəsində borular qaynaq edilərək torpağa basdırılıb.
Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. Layihənin həyata keçirilməsinə 176 yunan şirkəti cəlb olunub.
Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 40 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir.
“Şahdəniz” konsorsiumu layihə çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən bir il sonraya, 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Artıq Yunanıstan və Albaniyada kompressor stansiyalarının tikintisinə başlanılıb. Albaniyada 70 kilometrdən çox, Yunanıstanda isə 203 kilometr boru qaynaq edilib.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri Yunanıstanın Türkiyə sərhədində TANAP-la birləşəcək. Daha sonra Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxaraq bu ölkənin qaz nəqli şəbəkəsinə birləşəcək.
Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə 37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 boru quraşdırılacaq. Boruların ümumi çəkisi 526 min tondur.
TAP səhmdarlarının pay bölgüsü belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).