Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb.
Komitədən bildiriblər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin istifadəyə verdiyi elektron xidmətlər ölkə vətəndaşları üçün heç bir ünvana müraciət etmədən, operativ qaydada internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanlarını yaradır. Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və çevik şəkildə reallaşmasını təmin edir.
Belə ki, hazırda komitənin fəaliyyət sahələri üzrə vətəndaşlara 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət göstərilir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.
Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
Komitənin elektron xidmətlərinə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının səmərəli idarə edilməsi, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar, dövlət əmlakının icarəsi ilə bağlı interaktiv və informativ xidmətlər daxildir. Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət isə imkan verir ki, vətəndaş onlayn qaydada müraciət edərək əmlakının mövcud vəziyyəti ilə tanış olsun. İstənilən hər bir mülkiyyət sahibi bu elektron xidmət vasitəsilə əmlakının hüquqi statusu, onun yüklü (həbs, girov) olub-olmaması, ünvanı, texniki göstəriciləri barədə lazım olan bütün məlumatları ala bilir.
Elektron xidmətlərin sayının artması və onların getdikcə daha çox sahələri əhatə etməsi, habelə xidmətlərin rahat və funksional olması getdikcə istifadəçilərinin sayını artırır.
Belə ki, komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib.
Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə edənlərin sayı 140 mindən çox olub. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 90 mini ötüb. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək bu müraciət edənlərin sayı 20 minə yaxın olub.
Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir. Bununla da, vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.
Qeyd edilib ki, komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 300 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in onlayn alınmasına aiddir. Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir.
Bildirilib ki, innovativ yenilik olan “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Qeyd edilməlidir ki, istifadəyə veriləndən qısa zaman çərçivəsində bu kalkulyatordan 20 mindən çox vətəndaş istifadə edib.
Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə ümumilikdə 20 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Eyni zamanda, komitə tərəfindən səhmdar cəmiyyətlərin, orta və kiçik müəssisələrin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün keçirilən hərraclarda iştirak üçün sifarişlərin qəbulu elektron xidmət vasitəsilə aparılır.
Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.
Bundan başqa yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sferasını genişləndirəcək layihə üzərində işləyir. Belə ki, yaxın gələcəkdə çıxarış və arxivlər elektronlaşdırılacaq. Bu yeniliyə əsasən əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olacaqdır. Vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə biləcək.
Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracların elektron müstəviyə keçirilməsi ilə bağlı da tədbirlər görülür. Elektron hərracın yaradılmasında məqsəd özəlləşdirmə ilə bağlı keçirilən hərraclarda şəffaflığın daha da artırılması, məkan məhdudiyyətini aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsidir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, fəaliyyət sahələrində innovasiyaların tətbiqi, göstərilən xidmətlərin daha da inkişaf etdirilməsi, prosedurların optimallaşdırılması, və vətəndaş məmnunluğunun artırılması istiqamətində işlərini davam etdirir.