“Bakı-2017”də Azərbaycan Olimpiya yığmasının hədəfi komanda hesabında birinci yeri tutmaqdır


14936707864370830651_1000x669


Mayın 12-də biz IV İslam Həmrəylik Oyunları kimi, möhtəşəm yarışa ev sahibliyi edəcəyik və inanıram ki, birinci Avropa Oyunları kimi dövlətimiz üçün uğurlu olacaq. Həmişə yarışlar haqqında proqnoz vermişəm. “Rio” Olimpiya Oyunlarında lisenziya qazanan idmançılar iştirak edirdi, onlar haqqında məlumat var idi və proqnoz vermək olurdu. Bu dəfə IV İslam Həmrəyliyi Oyunlarına gələcək idmançıların əksəriyyətini tanımadığım üçün proqnoz verməkdə çətinlik çəkirəm. Amma onu deyə bilərəm ki, komanda hesabında Azərbaycan Olimpiya yığma komandasının əsas hədəfi bu Oyunlarda birinci yeri tutmaqdır. Çalışacağıq ki, buna nail olaq.

Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə yarışın bayraqdarının hansı idmançı olacağı sualına cavab verib: “Bayraqdarı Milli Olimpiya Komitəsinin Prezidenti, dövlətimizin başçısı İlham Əliyev müəyyənləşdirir. Bu günə olan məlumata görə, bizim təklifimiz belə olmuşdu ki, Azərbaycanın bayrağını Rafael Ağayev aparsın. Çünki o həm birinci Avropa Oyunlarının çempionudur, həm də karate ilk dəfə 2020-ci ildə Tokioda Olimpiya Oyunlarında idman növü kimi təmsil olunacaq, həm də titullu idmançıdır. Lakin bir problem ortaya çıxa bilər. Çünki mayın 12-də açılış mərasimi keçiriləcək. Bir gün sonra isə Rafael Ağayev yarışda çıxış edəcək. Əgər komandamızın idmançısının iştirakı üçün problem çıxsa, onda ola bilər ki, biz onu dəyişək. Ancaq böyük ehtimalla Azərbaycan Olimpiya yığma komandasının bayraqdarı dəfələrlə dünya və Avropa çempionu olan idmançımız Rafael Ağayev olacaq”.

MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarda Azərbaycan Olimpiya yığma komandası 335 idmançı ilə ölkəmizi 20 idman növündə təmsil edəcək. Komanda ümumilikdə 495 nəfərdən ibarətdir. Heyətə idmançılardan başqa məşqçi korpusu və digər texniki işçilər daxildir. Komandamıza müxtəlif mötəbər yarışlarda yüksək nəticələr qazanmış ən məşhur idmançılarla yanaşı, perspektivli ulduz idmançılar da daxildir. Çünki mayın 12-22-də keçiriləcək IV İslam Həmrəylik Oyunlarında Azərbaycan komandası ev sahibi kimi bütün idman növlərində təmsil olunmaq hüququna malikdir.

2017-05-02 / 09:10
Facebook