Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 30-da keçiriləcək yeni hərrac elan edilib.
Komitədən bildiriblər ki, hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir - http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1778
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan biri paytaxtın Suraxanı rayonunda, digərləri isə regionlarda - Göyçay, Ağdam, İmişli, Beyləqan, Gəncə və Ağstafada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak "Ağdam Pambıq" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adı çəkilən əmlak 872 min 500 manata təklif olunur. Bundan başqa paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Belə ki, 1656 kvadratmetr olan əmlakın ilkin start qiyməti 115 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 7-si Bakıda, 1-i Yevlaxda, 3-ü Abşeronda, 1-i Sumqayıtda, 2-si Ağdaşda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 12 kvadratmetrlə 109 kvadratmetr arasında dəyişir.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Yevlax Yun”, “Ağcabədi Aqrotexservis”, “Masazır Quşçuluq”, “Ucar ağac emalı”, “Mingəçevir Qum Çınqıl” kimi müəssisələr var.
Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Xatırladaq ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.