Kütləvi turist axınına rast gəlmək üçün Quba ən heyrətamiz yerlərdən biri sayılır

      1493620165413941524_1000x669


Quba- Azərbaycanın ən məşhur istirahət məkanlarından biridir. 2016-cı ildə Qubaya səyahət edən yerli və xarici turistlərin sayı 82 min nəfər olub. Xüsusilə yaz fəslində Quba rayonunda çoxsaylı meyvə bağları və yaşıl zümrüdörtüklü istirahət parkları turistləri cəlb edir. Buna görə də, Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev yeni mövsümdə Quba rayonunda turistlər üçün maraqlı turlar hazırladığını bildirib və geniş müsahibə verib.

- Quba daim çoxlu sayda turistləri özünə cəlb edə bilib. Qubanın bu qədər çox məşhurluq qazanmasının sirri nədədir? Burada turistlərə hansı tanınmış yerlər təqdim olunur?

-Quba bənzərsiz təbii landşaftları ilə turistlərin diqqətini cəlb edir. Regiona gələn turistlərin əksəriyyəti Təngəaltının şəffaf qayalarına bürünmüş və hündürlüyü 75 metrə çatan daşqın sularla əhatə olunan möcüzəli Afurca şələləsinə böyük maraq göstərirlər. Xınalıq kəndinin əhalisinin özünəməxsus dilini, fərqli adət-ənənələrini və qonaqpərvərliyini qoruyub saxlayan bir xalq olması bənzərsiz maraq oyadır. Rayonda çoxlu sayda tarixi və mədəni yerlər – qədim məscidlər, körpülər, hamamlar və muzeylər yerləşir. Quba xalçaçılıq məktəbinin füsunkar xalçalarını görmək hər bir xalça həvəskarının arzusu olduğu kimi yerli mətbəxin yeməklərindən də dadmaq hər bir yemək mütəxəssisinin istəyidir. Deyilənə görə, XIX əsrdə Aleksandr Düma Qubaya səfər etmiş, dayanacaqlardan birində dayanaraq, istirahət etmək üçün atəşpərəst əhali tərəfindən dəvət olunmuşdur. Quba sakinləri Aleksandr Düma üçün quzu kababı ziyafəti təşkil etmişdir və bölgənin sakinlərinin bu qonaqpərvərliyi onu heyrətə salmışdır. İnandırım sizi ki, o vaxtdan biz bu ustalığı itirməmişik. Dümanı heyrətə salan quzu kababı bu gün də həminki ləzzəti ilə qonaqlara təqdim olunur.

- Yay mövsümü artıq başlayır. Quba rayonuna gələn turistləri hansı yeniliklər gözləyir?

-Quba Turizm İnformasiya Mərkəzi daim yeni ekskursiya proqramları hazırlayır və həyata keçirir. Bu günə qədər qonaqlara 4 istiqamət üzrə tur proqram təklif olunurdu. Bu mövsümdən isə artıq beşinci tur olan və yeni istiqamətləri əhatə edən Quba-Alıc turu turistlərin ixtiyarına veriləcək. Bununla bərabər, yay mövsümündə bəzi mehmanxana və mehmanxana tipli otellər tərəfindən endirimlər və başqa sürprizlər qonaqları sevindirəcək.

-Quba rayonunda turizm nöqteyi-nəzərindən əlverişli mövqeyə malik kəndlər çoxdur. Turistləri cəlb etmək üçün bu kəndlərin hansı perspektivləri mövcuddur?

-Həqiqətən Quba rayonu onun ərazisində yaşayan xalqlar və etnik qruplarla zəngindir. Burada azərbaycanlılarla yanaşı, ləzgilər, tatlar, yəhudilər, məhsəti türkləri, xınalıqlılar, buduqlular, qrızlılar və başqa millətlərin nümayəndələri Qubanın qəsəbə və kəndlərində yaşayır. Qubanın bu kəndləri özünəməxsus adət-ənənələrini, mətbəxini qoruyub saxlamışdır. Bu qəsəbə və kəndlərə Qırmızı qəsəbə, Xınalıq, Rustov, Qonaqkənd, Qırız, Buduq və s. misal göstərmək olar.

-Hazırda Quba rayonunda neçə otel və qonaq evi fəaliyyət göstərir və onlar nə qədər yer tutumuna malikdirlər? Rayonun infrastrukturu bölgəyə axın edəcək turistləri təmin etmək gücünə malikdirmi?

-Quba rayonunda 40-a yaxın otel və istirahət mərkəzi və 2 qonaq evi fəaliyyət göstərir. Turistlərin rayonda rahatlığını təmin etmək məqsədilə yollar bərpa edilir, rayondaxili nəqliyyat vasitələrinin sayı artırılır, restoran, kafe və otellərdə personalın qonaqlara yüksək xidmət göstərməsi üçün təlimlər keçirilir.

Quba Dövlət Sosial İqtisadi kolleci hər il 20-dən çox turizm sahəsində kadrlar hazırlayır kı, onlar da rayonun turizm sahəsində yüksək xidmətə hazır olur. Eyni zamanda, respublikanın başqa şəhərlərində turizm sahəsində təhsil alan gənclər bura çalışmaq üçün üz tutur.

-Quba rayonunun turistlər üçün maraqlı olduğunu bilirik, onları rayonda ən çox nə cəlb edir?

-Quba əvvəldən səyahətçiləri özünə cəlb etmişdir. Vaxtilə Qubaya fransız yazışısı Aleksand Düma, Rus yazıçısı Bestujev-Marlinski, məşhur Norveç alim-səyyahı Tur Xeyerdal səyahət etmişlər. Axır illər şahid oluruq ki, Qubaya gələn xarici qonaqların sayı artmışdır. Tarixi-mədəniyyət abidələrimiz, muzeylərimiz, özünəməxsus özəlliklərə məxsus kəndlərimiz, günümüzə qədər öz adət-ənənəsini qoruyub saxlayan Xınalıq kəndi, yəhudilərin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə, Afurca şəlaləsi, Təngə dərəsi, Xalçaçılıq, milli mətbəximiz turistləri daim Qubaya cəlb edən önəmli xüsusiyyətlərdəndir.

Eləcə də Tağlı körpünü yaddan çıxarmaq olmaz. Körpü XVIII-XIX əsrlərdən bu günümüzə gəlib çatan tarixi abidələrdəndir. Abidə on dörd tağdan ibarətdir, uzunluğu 275 metr, eni 8 metrdir və bişmiş qırmızı kərpicdən inşa edilmişdir. Körpü Azərbaycanda XIX əsrdə inşa edilmiş belə konstruksiyaya malik yeganə abidədir.

Əlbəttə, bütün qonaqlar ermənilər tərəfindən 1918-ci ildə Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlar nəticəsində həlak olan minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqrım Memorial Kompleksinə üz tutur. Kompleks 2007-ci ildə rayon stadionunda aparılan təmir-tikinti işləri zamanı aşkar edilmişdir. Burada həmçinin tarixi sənədlər və faktların sərgiləndiyi muzey fəaliyyət göstərir.

-Göyçayda nar bayramı, Qəbələdə Musiqi festivalı keçirilir. Qubada turistləri cəlb edəcək hansı tədbirlər həyata keçirilir?

-Quba xüsusi ləzzətə malik alma bağları ilə məşhurdur. Alma Qubanın rəmzidir və hər il oktyabr ayında, məhsulun yığımı zamanı “Alma bayramı” qeyd olunur. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həmin gün fermer məhsullarının nümayişi təşkil edilir və alma çeşidləri, almadan hazırlanan suvenirlər, yeməklər, içkilər qonaqlara təklif edilir. Tədbir zamanı həmçinin, yaradıcı qrupların müsabiqələri keçirilir. Tədbirdə Azərbaycanın başqa bölgələrindən əlavə, xarici ölkələrdən gələn qonaqlar iştirak edir.

Bu il may ayının ortalarında, ilk dəfə olaraq “Turizmin inkişafı, bölgənin rifahı” adlı geniş miqyaslı tədbir həyata kerçiriləcək. Tədbirdə Quba, Qusar və Xaçmaz rayonları turizm potensialını əks etdirən sərgilər nümayiş etdirəcək. Quba bu tədbirdə xüsusi olaraq öz xalçaçılıq və mətbəx məhsullarını təqdim edəcək.

-Siz Quba xalçası haqqında söz açdınız. Bizə bu haqda geniş məlumat verə bilərsinizmi?

-Şübhəsiz Quba xalçaları turistlərin rayona marağını artıran əsas səbəblərdən biridir. Quba xalçaları 30-dan çox kompozisiya, biometrik naxışları və minimal rəngarəngliyi ilə seçilir. 1712-ci ildə toxunan Quba xalçası “Qollu Çiçi” hazırda Nyu-York şəhərində, Metropoliten muzeyindı sərgilənir.

Quba Azərbaycanın ən böyük xalçaçılıq mərkəzlərindən biridir. Qubanın bir çox kəndlərində sakinlər öz evlərində toxuculuqla məşğul olur. Hazırda Qubada “Qədim Quba” və “Aygün” adında 2 peşəkar xalçaçılıq müəssisələri fəaliyyət göstərir. Müəssisənin sexlərində hər ölçüdə və naxışda xalçalar toxunur. Burada rənglər təbii və süni xammaldan əldə edilir.

-Qubada öz qədimliyini qoruyub saxlamış tarixi abidələrdən biri “Çuxur hamam”dır. Burada bir neçə müddətdir ki, təmir bərpa işləri aparılır. Abidə turistlərin ixtiyarına nə vaxt veriləcək?

-“Çuxur hamam” 1985-ci ilə qədər təyinatı üzrə istifadə edilmişdir. Ondan sonra abidənin bərpa olunmasının zəruriliyi gündəmə gəlmişdir. Sevindirici haldır ki, Azərbaycan memarlığının incisi olan abidənin öz orijinallığını qoruyub saxlamaq şərti ilə bərpası bu il yekunlaşacaq və o öz qapılarını qonaqların üzünə açacaq.

XVIII əsrdə qırmızı kərpicdən tikilmiş hamam tarixin həm yaxşı, həm də bəzi faciəvi səhifələrini də özündə əks etdirir. Hamamda məşhur fransız yazıçısı Aleksandr Düma çimib. 150 il sonra onun nəticəsi ulu babasının gəzdiyi yerləri yenidən ziyarət edib.

Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilən soyqırımı zamanı adamları Çuxur hamamında buxarda boğublar. Sonra isə onları çalaya töküblər.

-Sizin fikrinizcə bölgədə turizmin inkişafına mane olan amillər hansılardır?

-Turizmin inkişafına mane olan əsas amillərdən biri bəzi kənd yollarının yararsız vəziyyətdə olmasıdır ki, bu da qış mövsümündə gediş-gəlişi olduqca çətinləşdirir. Bundan əlavə, bəzi istirahət mərkəzlərində qiymətlərin baha olması turistlərin narazılığına səbəb olur. Əminəm ki, yaxın zamanda bütün problemlər öz həllini tapacaq və Qubaya turist axını daha da artacaq.

-Regionda turizmin təbliği üçün Quba Turizm İnformasiya Mərkəzi hansı işləri həyata keçirir? Turistlər sizinlə necə əlaqə saxlaya bilərlər?

-Mərkəzimizin bölgənin tanıdılması üçün çap məhsullarının hazırlanaraq paylaşılmasını təmin edir. Rəngarəng bukletlər, braşuralar, xəritə və bələdçi kitablarını əldə etmək üçün Quba Heydər Əliyev prospekti 165 ünvanda yerləşən bizim ofisə müraciət etmək kifayətdir. Bununla yanaşı turistlər bizim www.guba.travel veb səhifəsində və sosial şəbəkələrdən olan hesablarda yerləşdirilən maraqlı məlumatlardan yararlana bilərlər. Arzu edən hər kəs mərkəzin 023 335 36 18 və 070 530 76 70 nömrələri vasitəsilə bizimlə əlaqə qura bilər.

-Siz bir Quba sakini olaraq, yeni yerlər kəşf etmək istəyən qonaqlara haraları məsləhət görərdiniz?

-Qədim zamanlardan bu günə qədər Quba öz tarixi, təbiəti, memarlığı və mədəniyyəti ilə Azərbaycanın mərkəz rayonlarından biri olmuşdur. Mən Qubada ictimaiyyətə az məlum olan yerlər var ki, mən onları qeyd etmək istərdim. Xınalıq kəndi yaxınlığında Atəşgah, Tufan göl, Alıc kəndində çam meşəsi, Xanagah kəndinin gözoxşayan şəlaləsi. Xaşı və Xaltan kəndlərində müalicəvi mineral bulaqlar və s. kimi maraqlı yerlər bu gün öz qonaqlarının yolunu gözləyir.

2017-05-01 / 11:31
Facebook