SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində (İB) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü qeyd edilib.
"Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İB-də Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən yığıncaqda birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
C.Şıxəliyev Ümumdünya əməyin mühafizəsi günü ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, Ümumdünya Əməyin Mühafizəsi gününün qeyd olunması 2002-ci ildən başlanılıb. Həmin vaxt Beynəlxalq Əmək Təşkilatı onu əməyin mühafizəsi, gigiyenası və mədəniyyəti konsepsiyasının formalaşdırılması və müdafiəsi kimi nəzərdə tutub. Ümumdünya Əməyin Mühafizəsi günü əməyin mühafizəsi üzrə profilaktik tədbirlərdən ibarət olub, iş yerində bədbəxt hadisələrin və işçilərin səhhətinin pisləşməsinin qarşısının alınması probleminə həsr olunub.
Ümumiyyətlə Ümumdünya Əməyin Mühafizəsi gününün keçirilməsi ideyası ilk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri tərəfindən irəli sürülüb. Onlar təklif ediblər ki, "28 aprel" – iş yerlərində həlak olan və zərər çəkmiş işçilərin "Xatirə günü" kimi qeyd olunsun. Azad Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyası iş yerlərində səmərəli əmək şəraitinin təşkilinə diqqəti daha da cəlb etmək üçün onun əhatə dairəsini genişləndirməklə həmin günü ümumdünya tədbiri günü kimi qeyd edirlər.
Azərbaycan Respublikasının Konstitusiyasında da hər kəsin sağlam, təhlükəsiz əmək və istirahət hüquqlarının əsasları müəyyən olunub.
Şöbə rəisi İ.Behbudov Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2017-ci ildə ümumdünya əməyin mühafizəsi gününün "Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi" devizi altında məlumat verdikdən sonra İstehsalat Birliyi üzrə ötən illərdə görülmüş işlər və qazanılmış uğurlar haqqında ətraflı məlumatları yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Ə.Qurbanov əsas məqsədin iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirmək olduğunu bildirib. Onun sözlərinə görə, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, qabaqcıl iş təcrübələrini yaymaq və təbliğ etmək, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar təşkilatları və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməkdən ibarədir.
Ə.Qurbanov bildirib ki, bu işlərin mövcud qaydaların tələblərinə uyğun həyata keçirilməsində birliyin idarəetmə aparatı və onun struktur bölmələrində olan əməyin təhlükəsizliyi xidmətlərinin, eləcə də Həmkarlar İttifaqı Təşkilatlarının rolu böyük əhəmiyyətə malikdir.
Sonda əməyin mühafizəsi sahəsində yüksək nailiyyətlər qazanaraq fərqlənmiş işçilərə mükafatlar və Fəxri fərmanlar verilib.