Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib

     


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir.

Nazir Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərargah və İşçi Qrup yaradıldığını qeyd edib. Bildirib ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.

Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin peşəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsi həyata keçirilib.

Eyni zamanda, oyun və təşkilati məkanların dayanıqlı, yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və  radiotezliklər ayrılıb.

Müşavirədə çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirib ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədi ilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görülüb. Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdə saxlanılır.

Həmçinin, Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 (otuz) gün müddət artırılaraq 60 (altmış) gün müddətlə əvəz edilib.

Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara  mobil telefon  nömrələrinin  sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.

İnternet provayderlərin rəhbərləri isə  məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsiz işinin təmin edilməsi üçün “Delta telecom” MMM və “Azərtelekom” MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb. 

Müşavirədə nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən  247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə  təlimlərə cəlb edilib.

Müşavirənin sonunda oyun məkanlarının dayanıqlı və alternativ rabitə xidmətləri ilə təchiz olunması, mobil rabitə xidmətlərinin yüksək səviyyədə işləməsi üçün lazımi tədbirlərin görülməsi, optik kabellərin mühafizəsinin gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətli təşkili, dövlət və strateji saytların təhlükəsizliyi üzrə lazımi tədbirlərin görülməsi, radiotezliklərin təyinatına uyğun istifadəsi,  04 may – 23 may tarixlərində bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi, keyfiyyətli və fasiləsiz teleradio yayımlarının təmin edilməsi, taksi əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri işlərin görülməsi qərara alınıb. 

2017-04-28 / 12:38
Facebook