“Azərbaycan” gəmi-bərəsi istismara hazırdır

14932928493142955238_1000x669


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına aid “Azərbaycan” gəmi-bərəsi tərsanədən endirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliy” QSC-dən bildirilib ki, “Zığ” Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edən tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub.

Bununla yanaşı, digər zəruri işləri də keyfiyyətlə yerinə yetiriblər. Belə ki, üzən nəqliyyat vasitəsinin qəza dizel generatoru, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları və onların elektrik mühərrikləri, hər iki baş mühərriki, üç köməkçi mühərriki generatorlarla birgə təmir olunub. Üç nasos və hava kompressoru yenisi ilə əvəzlənib, baş və köməkçi mühərrikləri, digər qurğu və avadanlıqların avtomatik idarəetmə, qorunma və siqnal sistemləri nizamlanıb.

Xatırladaq ki, “Azərbaycan” gəmi-bərəsi 1985-ci ildə inşa edilib. Uzunluğu 154, eni 18 metr olan gəmi 2425 ton yükgötürmə qabiliyyətinə malikdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.

2017-04-27 / 16:37
Facebook