Aprelin 27-də Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan atletika üzrə yarışların final mərhələsinə start verilib.
2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən yarışların final mərhələsində 120-yə yaxın idmançı mübarizə aparır.
Abşeron, Xızı, İsmayıllı, Oğuz, Mingəçevir, Goranboy, Saatlı və Şirvan kollektivlərinin mübarizə apardığı yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşıb. Bundan başqa, zona mərhələlərində şəxsi nəticələrə görə yüksək yer tutan idmançılar da fərdi olaraq turnirə qatılmaq imkanı qazanıb.
İki gün davam edəcək yarışda atletlər 60 və 300 metrə qaçış, uzunluğa tullanma, top atma və estafet mərhələlərində mübarizə aparırlar. Hər bir komandanı 7 oğlan və 7 qız təmsil edir.
Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin müvafiq diplomları və medallarla təltif ediləcək. Yüksək nəticə göstərən idmançılar gənclərdən ibarət yığma komandaya cəlb olunacaqlar.