Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı bütün mexanizmlər yaradılır

14932751824415935771_1000x669

Aprelin 27-də Bakıda "Antikorrupsiya idarəetmə sistemi" beynəlxalq standartı üzrə konfrans keçirilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qeyd edib ki, bu gün ölkəmiz geniş islahatları, multikulturalizmi, iqtisadi islahatları, sabitlik kimi anlayışları özündə birləşdirən məkandır. Azərbaycanda korrupsiyaya qarşı bütün mexanizmlər mövcuddur və bu proses davam edir. Azərbaycan, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Hazırda bu sahədə institusional islahatlar aparılır, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin ediməkdədir. Bu tədbirlər, eyni zamanda, iqtisadi sahədə aparılan islahatları tamamlayır və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.

Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartın tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, korrupsiyaya qarşı idarəetmə sistemləri üzrə standart (BS10500:2011) ilk dəfə 2011-ci ildə standartın yaradıcısı Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınıb. Hazırda qeyd olunan standartın əsasında beynəlxalq standart (İSO 37001) hazırlanıb və 2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənib. Hazırda ölkəmizdə həmin standartın tətbiqi üzərində işlər yekunlaşmaq üzrədir.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın təmsilçiləri, SMPDK və “ASAN xidmət”in rəhbərliyi, digər dövlət və qeyri-dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

2017-04-27 / 11:39
Facebook