"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün növbəti təlim təşkil edib.
Gəmiçiliyin mətbuat xidmətindən bildiriblər ki, uzun illər dənizdə çalışan kapitan Titos Giannakakisin təlimçiliyi ilə baş tutan budəfəki təlim “TKİSIN effektiv tətbiqi və DPA tələbləri” mövzusuna həsr olunub. İnteraktiv formada keçən təlimdə əmniyyətli idarəetmə sistemi barədə iştirakçılara ətraflı məlumat verilib. Beynəlxalq gəmiçilikdə sahildə təhlükəsizliyə cavabdeh şəxslərə (DPA) dair mövcud təcrübələr öyrədilib.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Təhlükəsiz İdarəetmə Məcəlləsinə əməl etmək barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC öhdəlik götürüb. Bu məcəllədə əmniyyətli idarəetmə sisteminin tətbiqi vacib sayılır. Çünki ancaq sözügedən sistemdən istifadə etməklə yüksək keyfiyyətli əmək, sağlamlıq və təhlükəsizlik standartlarına nail olmaq mümkündür.
Xatırladaq ki, bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd gəmiçiliyin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını, eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.