Azərbaycan, Səudiyyə Ərəbistanı, Anqola ilə birlikdə neft hasilatı ilə bağlı öhdəliklərinə əməl etdiyinə görə ən yüksək hörməti qazanıb. Biz digər dövlətləri də bu öhdəliklərə əməl etməyə çağırırıq.
Bunu jurnalistlərə müsahibəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz Əl Falih deyib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşü çox səmərəli və faydalı adlandıran nazir hər iki xalqın və dövlətin bir-biri ilə qardaş, möhkəm tərəfdaş olduqlarını vurğulayıb: “Bizim mühüm layihələrdə anlaşmamız var. Atdığımız addımlar xalqlarımızın maraqlarına xidmət edir. Bizim istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərq regionunda dəyərlərimiz eynidir”.
Neft sahəsində əməkdaşlıqdan danışan Xalid Əbdüləziz Əl Falih hər iki ölkənin öhdəliklərinə əməl etdiyini bildirib. “Biz belə qənaətə gəldik ki, neft istehlakçıları yalnız istehsalçıların istəklərindən faydalana bilər. Bizim ehtiyatlarımız balanslaşdırılıb. Ötən ilin sonunda tərəfdaşlarımızla məsləhətləşmələr apardıq. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Azərbaycan neft hasilatında liderliyini qoruyub saxlayır”.
Hər iki ölkənin bir çox sahələrdə əməkdaşlıq imkanlarından söhbət açan Xalid Əbdüləziz Əl Falih Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixrac olunmasını növbəti addımlardan biri olacağını diqqətə çatdırıb: “Bundan əlavə aliminium sahəsində də Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlıyıq. Bunun üçün qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsi olduqca vacibdir. Bizim iqtisadiyyatı şaxələndirməyə ehtiyacımız var. Hər iki ölkə təcrübə mübadiləsindən faydalana bilər. Biz nəhəng ərəb şirkətlərini Azərbaycanda investisiya yatırmağa ruhlandıracağıq. Biznesmenlərimiz təhlükəsiz ölkədə investisiya yatırmağa maraqlıdırlar. Düşünürəm ki, Azərbaycan bu sahədə yaxşı bir modeldir”.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq hasilatın 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub. Bu ilin əvvəlindən Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.