Son 13 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollar investisiya qoyulub, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil edib, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əmək haqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artıb.
Bu barədə məlumat verən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsinin 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı endiyini deyib.
"Bu dövrdə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Məhz Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmizdə son 13 il ərzində bir milyon 700 min yeni iş yeri yaradılıb ki, onların bir milyon 300 mini daimi iş yeridir. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88 faizi iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür", - deyə ASK prezidenti qeyd edib.