İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar


14931988645333737917_1000x669

Elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir və yaranan məhsula əlavə dəyər verir.

Bu fikirlər aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfransda səsləndirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini deyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev cari ilin aprelin 17-də qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelə keçməklə bundan sonra ölkə iqtisadiyyatının islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirələcəyini bir daha bəyan edib. Ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.

Komitə sədri vurğulayıb ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair Prezident Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır. Ramiz Həsənovun sözlərinə görə, cari ilin fevralın 10-da ölkə başçısı tərəfindən imzalanmış Fərmana əsasən, keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs təsis edilib. O, adıçəkilən mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsirini daha da artıracaqını qeyd edib. Yeni yaradılmış Patent və Əmtəə Nişanları Mərkəzində bu tip təşəbbüsləri dəstəkləmək üçün Texnologiyaların transferi və kommersiyalaşdırılması departamenti təsis edildiyini bildirən R.Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirilən “Texnologiyalar və İnnovasiyalara Dəstək Mərkəzləri”nin yaradılması və əqli mülkiyyət sahəsi üzrə təlimçilərin hazırlanması layihələrinin də elmi araşdırma və təhsil müəssisələri üçün bu sahədə əlavə imkanlar yaradacağını deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından söz açıb. Belə bir zamanda elmi-tədqiqat təşkilatlarının və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. “Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın”, – deyə Akif Əlizadə bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik inkişaf edən Azərbaycanda innovativ təşəbbüslərə daim yaşıl işıq yandırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və ideyası əsasında yaradılan “ASAN xidmət” mərkəzləri ölkəmizdə innovativ islahatlar sahəsində əsl “nou-xau” oldu. “İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə və ən əsası vətəndaş məmnunluğuna nail olmağa imkan verdi”, – deyə İnam Kərimov bildirib. O, hazırda 11 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərildiyini diqqətə çatdırıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev vurğulayıb ki, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya texnologiyaları inkişafı Dövlət Fondu fəaliyyət göstərir. Fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Belə ki, Müşahidə Şurasının qərarına əsasən Startap layihələrinə qrantlar ayrılır, innovativ ideyaların biznesə çevrilməsi üçün dövlət dəstəyi göstərilir. Eləcə də, kommersiyalaşmış innovativ layihələrə güzəştli kreditlər verilir. “Artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunmuş 600-yə yaxın layihənin 100-ü fond tərəfindən maliyyələşdirilib. Hazırda isə 5-ci qrant layihələrinin yeni layihələri qəbul olunur. Bu, dövlətimizin innovativ fəaliyyətə dəstəyinin ən uğurlu layihələrindən biridir”.

Əli Abdullayev nəzərə çatdırıb ki, nazirlik innovasiya sahəsində beynəlxalq səviyyədə aktiv əməkdaşlıq aparır, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində rəqəmli bazarların uyğunlaşdırılması təşəbbüsü ilə iştirak edir. Həmin proqram çərçivəsində Azərbaycan informasiya-kommunikasiya texnologiyaları tədqiqat və innovasiya infrastrukturu üzrə əlaqələndirici ölkə seçilib.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə aparılan innovasiya sisteminin əsas xüsusiyyətlərindən biri də onun bütün sahələri, o cümlədən dövlət idarəçiliyini əhatə etməsidir. Bu çərçivədə nazirlik tərəfindən həyata keçirilən elektron hökumət layihəsi də innovativ həllərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Elektron Hökumət Portalı ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portalın istifadəyə verilməsi və dövlət qurumları informasiya sistemləri arasında qarşılıqlı əlaqələr sürətləndirilmiş, informasiya ehtiyatlarının təşviqi sahəsində vahid standartların müəyyən olunması istiqamətində mühüm işlər görülür.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 12 elektron xidmət elektron hökumət portalına qoşulub.

Nazirliyin milli sertifikat xidmətləri mərkəzində elektron sənəd mübadiləsinin əsas vasitələrindən olan elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza xidməti təqdim etməklə yanaşı, digər elektron imza mərkəzləri də akkreditasiya edilir və sertifikatlaşdırlır. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox elektron imza sertifikatı təqdim edilib. Bu istiqamətdə atılan növbəti innovativ addım elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsidir.

Bununla bağlı “Microsoft” şirkəti ilə müqavilə imzalanıb. Gələn ilin əvvəlindən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində bu xidmətdən vətəndaşlar istifadə edəcəklər.

Konfransda, həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva çıxış ediblər.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Yüksək dispersli metal tozunun alınma üsulu”, “Fotohəssas material, “Tomsonit tipli seolitin alınma üsulu” ixtiraları həvəsləndirici mükafata, “Dəniz suyunun şirinləşdirilməsi üsulu”, “Quyu süzgəci”, “Yarımkeçirici materialın nazik təbəqəsi üzərində nanoölçülü elementlərin formalaşdırılması üsulu”, “Təbii neft turşularının poliamidi yol bitumuna çoxfunksiyalı aşqar kimi” ixtiraları III yerə, “Teplovoz və sənaye dizelləri üçün motor yağı”, “Fenilasetileninstirola selektiv hidrogenləşmə üsulu”, “Ürək-damar sisteminin və nəfəs yollarının fəaliyyətinin monitorinq üsulu” ixtiraları II yerə, “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası isə I yerə layiq görülərək “İlin patenti” elan edilib. Qaliblər diplom və mükafatlarla ilə təltif ediliblər.

2017-04-26 / 14:23
Facebook