Fermer: Məqsədimiz Lənkəran çayının əvvəlki şöhrətini qaytarmaqdır

14931929492626526873_1000x669

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr aqrar sahədə çalışan iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olan bu müşavirədə bölgələrdə ixracyönümlü müəssisələrin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu fikirləri Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov müsahibəsində bildirib.

O deyib: “Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi getdikcə artır, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir, sahibkarlar üçün əlverişli mühit yaradılır. Bütün bunlar isə heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun yaradılmasına yönəlib. Yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən əsas ölkələrdən birinə çevrilməsi başlıca hədəf olaraq seçilib. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkan, ən başlıcası isə bu sahəyə dövlət dəstəyi var. Yevlax şəhərində qeyri-neft ixracatçıları ilə keçirilən müşavirədə bu məqsədə nail olmaq üçün əsas hədəflər müəyyən edildi”.

Fermer bildirib ki, müşavirədə qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğinin, ticarət-ixrac missiyalarının təşkilinin vacibliyini xüsusi vurğulayıb. “Biz də dövlətimizin başçısının çağırışına qoşularaq, istehsal etdiyimiz yüksək keyfiyyətli yaşıl çay yarpağını emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Bu yaxınlarda İqtisadiyyat Nazirliyindən iki sahə üzrə - həm çay əkini, həm də çay emalı fabriki ilə bağlı “İnvestisiya təşviqi sənədi”ni almışıq. Bu sənədlər dövlətimizin biz iş adamlarına böyük qayğısıdır. Artıq mini çay emalı fabrikimiz fəaliyyət göstərir. Bu sahəni daha da genişləndirmək üçün tədbirləri davam etdiririk. Hazırda mövcud olan mini çay emalı fabrikində ekoloji cəhətdən təmiz “Buket”, “Gül”, “Premium”, “Feyxoa”, “Narın” və “Ekstra” növlü çaylar istehsal olunur. Bu ildən “Zəncəfil”, “Kəklikotu” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi də nəzərdə tuturuq. Məqsədimiz Lənkəran çayının əvvəlki şöhrətini qaytarmaqdır”, - deyə A.Yaqubov deyib.

A.Yaqubovun rəhbərlik etdiyi təsərrüfat çoxprofilli olsa da, əsas istiqamət çayçılıq və heyvandarlıqdır. Eyni zamanda, ölkə əhalisinin tələbatına uyğun digər kənd təsərrüfatı məhsulları da istehsal olunur. 2006-cı ildən fəaliyyətə başlayan təsərrüfatın 140 hektar torpaq sahəsi var. Bunun 61 hektarında çay plantasiyası salınıb. Fermada mal-qaranın sayı 17 başdan 300 başa çatdırılıb. Ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda tut bağı salınıb. Həmçinin bostan, sarımsaq və digər əkinlər aparılıb.

2017-04-26 / 12:49
Facebook