Azərbaycan Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Svyaz-2017” (“Rabitə-2017”) 29-cu Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur.
Azərbaycan sərgidə ilk dəfədir ki, tərəfdaş ölkə statusunda çıxış edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, nazirliyin təşkil etdiyi milli pavilyonda ölkəmizin telekommunikasiya, elektron hökumət, elektron həllər, poçt və mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.
Sərgidə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl qurumlardan 20-yə yaxın təmsilçi daxildir.
Sərginin açılış mərasimində digər rəsmilərlə yanaşı, Azərbaycan nümayəndəsi də çıxış edib.
1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir.
Aprelin 28-də başa çatacaq sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edir.
Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumatötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.
Bundan başqa, “Svyaz-2017” aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və informasiya texnologiyaları sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, “dəyirmi masa” və təqdimatların keçirilməsi nəzərdə tutulur.