Azərbaycanda innovativ fəaliyyətin stimullaşdırılması dövlət proqramı səviyyəsindədir. Texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının yüksəldilməsinə xidmət etməklə yanaşı, yaranan məhsula əlavə dəyər verir.
Bu sözləri aprelin 26-da Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə "Azərbaycanda innovasiya potensialı" mövzusuna həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlara daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Pirallahı rayonunda yaradılan Yüksək Texnologiyalar Parkı, həmçinin, respublikada innovasiya sahəsində elmi-tədqiqat, konstruktor işlərinin aparılması üçün AMEA-nın nəzdində yaradılan Yüksək Texnologiyalar Parkının təsis edilməsi bu mühüm işlərin tərkib hissəsidir. Komitə sədri elmi-texnoloji yeniliklərin bütün sahələrdə əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edən, yaranan məhsula əlavə dəyər verən və insan kapitalına əsaslanan əsas qeyri-maddi aktivlər olduğunu bildirib.