“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan Azərbaycan Milli Paralimpiya Komitəsinin kişi və qadın cüdoçuları ilə rayon icra hakimiyyətində görüş keçirilib.
Görüşdə kişilərdən ibarət milli komandanın məşqçisi İbrahim İbrahimov təlim-məşq toplanışı barədə məlumat verib. Qeyd edib ki, öz üzərlərində daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edən paralimpiyaçılar IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırlar. Cüdo yarışlarında kişi paralimpiyaçılarımız dörd, qadın idmançılar isə iki çəki dərəcəsində iştirak edəcəklər. Azərbaycan cüdoçularının yüksək nəticələr əldə edəcəklərinə ümidvar olduğunu vurğulayan məşqçi İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşqlərin yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara İsmayıllının sosial-iqtisadi inkişafı, idman həyatı barədə məlumat verərək Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsinin, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına güclü təsirindən danışıb. Qeyd edilib ki, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti bu Oyunların da uğurla təşkil olunacağını deməyə əsas verir.
İcra başçısı sonra təlim-məşqə gələn cüdoçuların qayğıları ilə maraqlanıb, onlara yarışlarda ən yüksək nəticələr arzulayıb.
Görüşün sonunda komandaya xatirə hədiyyəsi təqdim olunub.