İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə iri fermer, müasir heyvandarlıq, cins heyvandarlıq, kartofçuluq (o cümlədən yüksək məhsuldar kartof toxumçuluğu), istixana və intensiv üzümçülük təsərrüfatlarının, eləcə də süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunun Düz Qırıqlı kəndində işgüzar forum keçirib.