Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb

1493098818146513433_1000x669

Aprelin 25-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb.

Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın strukturlarının rəhbərləri, Milli Məclisin deputatları, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirlikləri və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən çox iştirakçı - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov diqqətə çatdırıb ki, forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Tədbirin müasir müstəqil dövlətimizin memarı, qurucusu və neft strategiyasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilməsi Ulu Öndərin şəxsiyyətinə, fəaliyyətinə hörmət və ehtiramın təzahürüdür. Forum müxtəlif ölkələrdən olan mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacaq.

Milli Məclis sədrinin müavini, bu qurumun təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov vurğulayıb ki, artıq ikinci dəfə keçirilən bu forum bir sıra ölkələrin beynəlxalq şirkətləri arasında geniş əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcək. Qeyd edilib ki, Azərbaycan hər zaman Xəzəryani ölkələr arasında bərabərhüquqlu tərəfdaş ölkə olub və bu münasibətlər beynəlxalq hüquq normaları çərçivəsində qurulub.

Aprelin 28-dək davam edəcək forumda həmin regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə təqdimatlar ediləcək və müzakirələr aparılacaq.

Tədbir energetika naziri Natiq Əliyev və başqalarının çıxışları ilə davam etdirilib.

2017-04-25 / 11:42
Facebook