Minskdə Azərbaycan və Belarus investorlarının qarşılıqlı şəkildə özəlləşdirmə prosesinə cəlb edilməsinin təşkili məsələləri müzakirə edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti geodeziya və daşınmaz əmlakın kadastrı mövzusunda Minsk şəhərində təşkil edilən beynəlxalq konfransda iştirak edib. Nümayəndə heyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov başçılıq edib.
Komitədən bildirilib ki, səfərin məqsədi 28 noyabr 2016-cı il tarixində Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Saziş”lə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı müzakirələrin aparılması üçün ikitərəfli görüşün keçirilməsi, habelə Belarus Respublikasında geodeziya və daşınmaz əmlakın kadastrı mövzusunda təşkil edilmiş beynəlxalq konfransda iştirak olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Belarus Respublikasının Dövlət Əmlak Komitəsində sözügedən qurumla təşkil edilən ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı qurumlar arasında mövcud olan ikitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində daşınmaz əmlak idarəçiliyi, o cümlədən daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması və geoməlumatların yaradılması sahəsində fikir mübadiləsi aparılıb, bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də Azərbaycan və Belarus investorlarının qarşılıqlı şəkildə özəlləşdirmə prosesinə cəlb edilməsinin təşkili məsələləri müzakirə edilib.
Görüşdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, ölkəmizdə gerçəkləşən genişmiqyaslı islahatlar barədə geniş məlumat verilib. Həmçinin respublikada reallaşdırılan islahatların tərkib hissəsi olaraq dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığı qeyd edilib. Bununla yanaşı, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və vahid dövlət kadastrının səciyyəvi xüsusiyyətlərindən danışılaraq, daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti geodeziya və daşınmaz əmlakın kadastrı mövzusunda Minsk şəhərində təşkil edilən beynəlxalq konfransda iştirak edib. Konfrans 6 sessiyadan ibarət olmaqla MDB ölkələrində geodeziya və daşınmaz əmlakın kadastrının müxtəlif aktual mövzularında dövlət təmsilçiləri, ictimai birlik, özəl sektor numayəndələri və elmi işçilər tərəfindən həyata keçirilən təqdimatların dinlənilməsi və müzakirəsi formatında keçirilib.
Konfransda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin inkişafının əsas istiqamətləri” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı ölkəmizdə torpaq fondundan istifadənin cari vəziyyəti açıqlanmış, Azərbaycan Respublikasında aparılan kadastr-yerölçmə işlərindən, torpaqlardan istifadənin məkan şərtlərindən, eləcə də ünvan reyestrindən bəhs edilib, dövlət torpaq ehtiyatlarının səmərəli istifadəsi və etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
İkitərəfli görüşdə və konfransın işində ölkəmizin Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Lətif Qəndilov da iştirak edib.