Mayın 1-4-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda Azərbaycan nümayəndə heyəti də qatılacaq.
Energetika Nazirliyindən bildirilib ki, nümayəndə heyətinə energetika naziri Natiq Əliyev rəhbərlik edəcək. Konfransda nazirin Azərbaycanın neft-qaz sahəsində qazandığı nailiyyətlər, Xəzərin enerji resursları və enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulur.
Yüz iyirmi ölkəni təmsil edən 2400-dək iştirakçının qatılacağı tədbir enerji mütəxəssislərinin dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə fikir mübadiləsi apardıqları mühüm platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.