Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlıq, kiçik və orta müəssisələr: biznesin əsasları” mövzusuna həsr olunmuş “Yaz məktəbi”nin bağlanışı olub.
Tədbir “EE-KEY-AZ sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində keçirilib.
Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov qeyd edib ki, layihə çərçivəsində UNEC-in müəllimləri, xüsusən gənc alim, tədqiqatçı və tələbələr sahibkarlıq, biznesin yaradılması və inkişafı haqqında geniş bilik və təcrübə qazanıblar. Layihəyə əsasən, Almaniyanın və Azərbaycanın biznes infrastrukturunun özəllikləri və fəaliyyəti ilə tanışlıq da olub. “Yaz məktəbi”ndə Almaniyanın Siegen Universitetinin 10, UNEC-in isə 12 magistri iştirak edib.
Siegen Universitetinin professoru Petra Mooq bu ali təhsil ocağında həyata keçirilən layihələri müsbət dəyərləndirib. O, UNEC-ə səfəri zamanı Azərbaycanda fəaliyyət göstərən əksər istehsal müəssisələri ilə yaxından tanış olduğunu, ölkə iqtisadiyyatı barədə ətraflı məlumat əldə etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın güclü iqtisadiyyatı var, bu ölkədə qeyri-neft ixracı sürətlə inkişaf edir.
Tədbir çərçivəsində Azərbaycan iqtisadiyyatının son tendensiyaları və problemləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar öz təcrübə və biliklərini bölüşüblər.
Sonda Almaniyada təşkil edilən “dəyirmi masa”nın işçi qrupunun üzvlərinə və UNEC-də keçirilən “Qış məktəbi”nin ekspert müəllimlərinə sertifikatlar təqdim olunub.