İtaliya məhkəməsi Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin bu ölkədəki hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayət məhkəməsinin qərarını ləğv edib.
Bu barədə vəkil Mariano Alterio deyib. Bu qərar İtaliyada TAP üzrə işlərin yenidən başlamasına yol açır.
TAP konsorsiumunun İtaliya üzrə sözçüsü də məhkəmənin boru kəməri üzrə işlərə yenidən başlamaq barədə qərar verdiyini təsdiqləyib.
Qeyd edək ki, bu il aprelin 6-da Latsio vilayət məhkəməsi TAP-ın tikintisi üçün İtaliya Ekologiya Nazirliyinin Apuliya regionunun Melendunyo şəhərində boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bundan sonra zeytun ağaclarının köçürülməsi işləri dayandırılıb. Martın 27-də İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.
Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 minədək, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın səhmdarları arasında bölgü belədir: BP - 20 faiz, “Cənub Qaz Dəhlizi” QSC - 20 faiz, “Snam S.p.A.” - 20 faiz, “Fluxys” - 19 faiz, “Enagás” - 16 faiz və “Axpo” - 5 faiz.