Danılmaz faktdır ki, yeni dünya nizamı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, milli maraqların qorunmasında QHT-lərin rolunu önə çəkir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş ulu öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Məhz 10 ildən artıq dövrü əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir. Fond təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilən "Regional İnkişaf" İctimai Birliyi Fondun bu amallarının reallaşması istiqamətində köməkçi qurum rolunu oynayır. 12 fevral 2016-cı il tarixində yaradılan RİİB-in ilk iclası 2 martda keçirilib. Birlik Heydər Əliyev Fondunun ötən 10 ildən artıq müddətdə mövcud siyasətini regionlarda daha da əhatəli şəkildə həyata keçirməklə Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə dövlət siyasətinə, cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək olan "Regional İnkişaf" İctimai Birliyi, eyni zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
RİİB eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünya görüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi, əhalinin həyat səviyyəsinin öyrənilməsi, təhlili, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsini qarşıya məqsəd qoyub.
RİİB-in təşkilatçılığı ilə regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən layihələrin, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrası həyata keçirilməkdədir.Bölgələrdə mükəmməl insan dəyərlərinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələrin reallaşdırılması perspektivdədir. RİİB-in layihələri, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqaməti yönümündədir.
Az müddətli fəaliyyətinə baxmayaraq İctimai Birlik artıq bir neçə layihələrə imza atıb. Bunlara misal olaraq, 14 apreldə 2016-cı il tarixində İsmayıllıda turizm bələdçiləri üçün təlimin keçirilməsi, 22 aprel 2016-cı il tarixində Lənkəranda autizm sindromlu uşaqlarla bağlı layihənin həyata keçirilməsi, 23 may 2016-cı il tarixində valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kurslarının təşkil edilməsi, autizm sindromlu uşaqlar üzrə mütəxəssislərin hazırlanması, 6 iyun 2016-cı ildə Quba-Xaçmaz regionunda turizm bələdçilərinin hazırlığı üzrə kurslar təşkil edilməsi və s. göstərmək olar.
Birliyin fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələr üzrə regional mərkəzləri var. Birliyin müxtəlif regional mərkəzləri respublikanın şəhər və rayonlarında təşkilatın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək ayrı-ayrı sahələr üzrə təhlillər aparmalı, əhali ilə sıx münasibətlərin qurulması, mövcud problemlərin aşkarlanması, müxtəlif sahələr üzrə birbaşa məlumatların əldə edilməsi məqsədi ilə vətəndaşlarla yerlərdə görüşlər keçirməli, fəaliyyət istiqamətinə uyğun olaraq işlər aparmalıdır. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) İctimai Birliyin üzvü ola bilər.
Bütün bunlar onu deməyə əsas verir ki, İctimai Birlik cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verəcək, çoxşaxəli fəaliyyəti ilə regional inkişafın təminatçısı rolunu oynayacaqdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”