“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Heydər Əliyev
Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Respublikamız da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşır.
Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət etməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılıdır.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması 1950-cı ildə BMT Baş Assambleyasında qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da xüsusi şəkildə qeyd edilir. Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. UNİCEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ilin oktyabr ayından başlamışdır. Təsadüfi deyildir ki, Azərbaycan UNİCEF-in təşəbbüsünə qoşularaq uşaqların hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edib. 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev BMT-nin iqamətgahında Uşaq Hüquqları Konvensiyasını imzalayıb, daha sonra isə Azərbaycan Respublikası Avropanın Nigahdankənar Doğulmuş Uşaq Hüquqları Konvensiyasına qoşulub. Konvensiyada uşaqların sağlamlığına,sosial təminatına, təhsil və tərbiyəsinə, həyat səviyyəsinin yüksəldilməsinə, asudə vaxt və mədəni həyatının təşkilinə dair maddələr öz əksinə tapmışdır.
Ölkəmizdə 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun qəbul edilmişdir. Uşaq hüquqları haqqında qanunvericilik – uşaqlar haqqında dövlət siyasəti, uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan , fikir və söz hüquqları, uşaqların əsas vəzifələrini müəyyən edən 16 maddədən ibarətdir. Qanunvericilikdə həmçinin uşaqların təhsil, istirahət, ictimai təşkilatlarda birləşmək, şərəf və ləyaqətinin müdafiəsi, istismarından və zərərli təsirlərdən mühafizəsi də öz əksini tapmışdır.
Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilməkdədir. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikası Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli, beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmış, bu istiqamətdə başlanan işlərin “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı (2006-2015)” çərçivəsində davam etdirilmişdir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 2009- cu ildə Azərbaycanda “Uşaq ili” elan olunmuşdur.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, uşaq bağçalarının inşası, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması sosial fəaliyyətin mahiyyətini təşkil edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr alternativi olmayan xeyirxahlıq, humanistlikdir. "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilmişdir.
Heydər Əliyev Fondunun Xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genefondunun qorunmasında gördüyü misilsiz fəaliyyəti danılmazdır. Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı ” proqramı bu baxımdan xüsusilə aktualdır. Bu layihəni həyata keçirməkdə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.
Bütün bu sadalanan amillər onu göstərir ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Lakin Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmamışdır. Təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri boşaltmır. 1000 nəfərdən çox körpəmiz ədalətsiz müharibənin qurbanı olub, Xocalıda, digər işğal olunmuş rayon və kəndlərimizdə amansızcasına qətlə yetirilib. Bu körpələrin fəryadını eşidən, onların səsinə səs verən hələ də yoxdur... Əgər yüksək tribunalardan uşaq hüquqlarından danışılırsa, beynəlxalq sənədlər qəbul edilirsə, müstəqil Azərbaycan bu konversiyalara qoşulursa dünya ictimaiyyəti bu vəziyyətlə barışmamalıdır. Ümid edirik ki, bu uşaqlarımızın da hüquqları bərpa olunacaq, onlar bayramlarını doğma yurdlarında qeyd edəcəklər!
Nailə Məmmədova
“Azerbaijan Realities”