Müstəqillik tariximizdən...

1918-ci il 28 may tarixində yaranan Şərqdə və müsəlman aləmində ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikasının yaranması tariximizin dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. 90 illik çar əsarətindən sonra Zaqafqaziyada mövcud siyasi durum bütün müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait formalaşdırmışdır.  Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Qərbin neçə illərdən bəri əxz etməyə çalışdığı demokratik dəyərlər Cümhuriyyətimizin 23 aylıq qısa müddətli fəaliyyətində öz əksini tapdı. Cümhuriyyətin yaranmasıyla Şərqdə ilk dövlətçilik modelinin əsası qoyuldu. Şərqdə ilk parlament, çoxpartiyalı sistem əsasında Parlamentin təşkili, qadınlara seçki hüququnun verilməsi məhz demokratik inkişafın göstəricisi idi. ADR dövründə ilk dəfə olaraq milli identiklik dini identiklikdən üstün tutuldu, “türkləşmək,islamlaşmaq, müasirləşmək” şüarı praktiki təsbitini tapdı. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir.

2 ilə yaxın bir tarixi dövrdə Azərbaycan Xalq Cümhuriyyəti bir çox ilklərə nail oldu. Milli şüurun oyanmasına, müstəqillik tarixini yaşamağa, bu gün fəxr edəcəyimiz bir tarixə arxalanmağıza imkan verdi. Stalinin: "bu il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?" sualına M.Ə.Rəsulzadə belə cavab vermişdir : "Çox şey verə bilmədik. Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa milli istiqlalı dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hakimiyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz". 

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80-ci il dönümü münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən dövrü 4 mərhələyə ayırmışdı. Birinci dövr - 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər;  İkinci dövr -  1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; Üçüncü dövr -  1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövrdür. Dördüncü dövr isə 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir.

Müasir Azərbaycan Respublikası  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunub  ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur.  Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.  

Nailə Məmmədova

“Azerbaijan Realities”

2016-06-14 / 00:00
Facebook