“Ay Laçın, can Laçın ...”

Laçın qədim tarixi keçmişə, çox zəngin və əlverişli təbii-coğrafi mövqeyə malik Qarabağın mühüm hərbi-strateji əhəmiyyətli mərkəzlərindən biridir. Laçın abidələri hələ eramızdan əvvəl II-I minilliyə aid edilən dəyərli və nadir tarixi faktlardandır. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra  Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə verilir, 1861-ci ildən isə həmin ərazi təzə qurulmuş Zəngəzur qəzasına qatılır.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da ermənilərin Qarabağ və Zəngəzura ərazi iddiaları nəticəsində kütləvi qırğınlar davam etmişdir.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Bölgü nəticəsində Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində hansısa bir inzibati idarə mərkəzinin yaradılması zərurəti meydana gəlmişdi. Beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. 1930-cu ildə yerli relyef və əhalinin xarakteri kimi göstəricilər də nəzərə alınaraq Laçına rayon statusu verilir. Qərbi Azərbaycan torpaqları hesabına özlərinə qondarma dövlət qurmağı “bacaran” ermənilər bununla kifayətlənməyərək Azərbaycana qarşı daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini daim diqqət mərkəzində saxlamaqla, bu yolda bir maneə olaraq gördükləri Laçın rayonun zəbtinin yollarını düşünürdülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

1992-ci ildə yenicə müstəqillik əldə etmiş Azərbaycanda mövcud abu-havadan, siyasi xaosdan məharətlə istifadə edən erməni separatçıları “havadarlar”ının dəstəyilə bu niyyətlərini reallaşdıra bildilər. Şuşanın işğalı ilə Laçına da artıq yol açılmışdı. Şuşanın işğalı vaxtı Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və məsuliyyətsizlik əzəmətli Laçının, bütünlükdə isə Qarabağın itirilməsinə səbəb oldu.  Çünki Laçının ələ keçirilməsi Ermənistanın Qarabağ  yolunun tamamilə açılması demək idi.  Buna görə də, qədim və əzəmətli Laçının işğalı daşnakların mənfur planının vacib hissəsi idi. Bu rayonun işğalı ilə Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər de-fakto Ermənistana çıxış yolu əldə edirdilər.

24 ildir ki, işğal altında qalmış Laçın rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir. Rayon ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları mövcuddur. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsildən ibarət bitki örtüyü vardır. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.

İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 2000-dən çox uşaq isə hər iki valideynindən yetim qalmışdır. Rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdi. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür. Qarabağ müharibəsində Laçının 238 övladı şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Bu gün Azərbaycan müstəqil, qüdrətli, siyasi və iqtisadi baxımdan heç bir asılılığı olmayan, Cənubi Qafqaz regionunun lider dövlətidir. Bütün bunlar müharibə şəraitində olan; 1994-cu ildən bu yana atəşkəs rejimində yaşayan bir dövlətin qeyri-adi nailiyyətidir. Son aprel döyüşləri də sübut etdi ki, artıq Azərbaycanın güclü, qüdrətli və mütəşəkkil bir ordusu vardır. Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi azad etməyə hazır və qadirdir! Azərbaycan ordusu və onun arxasında dayanan millət inamı göstərir ki, hər an Qarabağ üçün vuruşmağa hazırıq!

Nailə Məmmədova 

“Azerbaijan Realities”

2016-06-14 / 00:00
Facebook