Müasir dövrdə nüvə stansiyaları beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biridir. Nüvə enerjisi məsələsi daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdədir. Bunun nəticəsidir ki, insanların nüvə enerjisi baxışında qorxu və tədirginlik yaşadan hadisələr iz buraxıb. Təsadüfi deyil ki, təsir gücü və əhatə dairəsinə görə XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barədə eşitmiş hər kəsi hələ də həyəcanlandırır, düşündürür. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri Vladimir Qubarev yazırdı ki, Çernobıl bir müharibədir, XX yüz ilin müharibəsi. Daha əvvəlkilərdən fərqli bir müharibə; insanların öldüyü və ölməyə davam etdiyi bir müharibə. Faciədən 30 il keçməsinə baxmayaraq hələ də fəsadları və zərərləri sovuşmayıb, yaddaşlardan silinməyib. 2011-ci il martın 11-də Yaponiyada baş vermiş güclü zəlzələ böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Çernobıldan sonra dünya ikinci böyük nüvə fəlakəti ilə üzləşdi. Zəlzələ nəticəsində Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən sızma belə stansiyaların təhlükəsizliyinin nə dərəcədə təmin olunması problemini bir daha ortaya qoydu. Hadisənin şahidlərindən olan yapon jurnalist Toshiya Morita fəlakətlə bağlı həyəcan təbili çalaraq demişdi ki, təkcə qəza nəticəsində reaktorlarda ərimiş radioaktiv yanacağın təmizlənməsi 40 il davam etməlidir...
Digər enerji növlərinə nisbətdə atom enerjisinin xeyli ucuz başa gəlməsi ilk vaxtlar bəzi dövlətlərin xüsusi marağına səbəb olmuşdu. Lakin son dövrlər baş verən hadisələr - iqtisadi baxımdan uğursuzluq yaşanması, radioaktiv tullantıların zərərsizləşdirilməsinin nəticəsizliyi, bir çox ölkələrin başına bəlalar açan, milyonlarla insanın həyatını təhlükə altına alan nüvə qəzaları, atom stansiyalarının günümüzdə təkcə enerji məqsədilə deyil, hərbi hədə vasitəsi kimi istifadəsi, alternativ enerji mənbələrinin yaranması və s. atom enerjisinin o qədər də sərfəli olmadığını göstərdi. Təəssüf ki, iqtisadi və siyasi maraqlar çox vaxt insan həyatını qabaqlayır.
Regionun ətrafında cərəyan edən təhlükə
Ermənicə adı Oktembryan olan və yerləşdiyi bölgənin adı ilə anılan Metsamor Atom Elektrik Stansiyası bu gün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu da onu dünyanın ən təhlükəli stansiyalarından biri edir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılıb, 1979-cu ildə isə istismara verilib. Erməni yazıçısı Tiqranyan sovet dönəmində Qafqazdakı zəngin neft və qaz qaynaqlarına rəğmən Ermənistanda niyə neft və ya təbii qaz boru xətlərinin çəkilməsi yerinə bölgə üçün son dərəcə təhlükə yaradan nüvə stansiyasının yaradılması səbəbinin bu günə qədər anlaşılmadığını bildirib.
1988-ci dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr aralıda idi. Zəlzələdən sonra böyük zərər görən stansiya bu vəziyyətdə ikən 3 ay yenə işlədilmiş, yerli əhalinin təzyiqlərindən və sovet hakimiyyətinin təhlükəsizliklə bağlı narahatlığına görə bağlanmışdı. Lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşılayan stansiyanın bağlanması enerji böhranına səbəb olmuşdu. Bu isə təbii qaynaqlar baxımından da kasıb olan ölkədə sosial və iqtisadi çöküşə gətirib çıxarmışdı. Bu böhrandan çıxmaq üçün beynəlxalq tənqidlərə baxmayaraq Ermənistan Metsamoru yenidən açmağa qərar verdi və 1995-ci ildən etibarən “saatlı bomba” yenidən işə düşdü ... Bununla da Metsamor dünyada ilk dəfə olaraq bağlandıqdan sonra yenidən istifadəyə verilən AES olma “özəlliy”ini də daşıdı. Stansiyanın birinci bloqu zəlzələ nəticəsində əsaslı zərər görmüş, təmir işlərinə baxmayaraq işlək vəziyyətdə olmadığından bağlanmışdır. Lakin birinci bloqun içindəki uranın “aqibəti” - nəzarətsiz buraxılması - da bölgə üçün ayrıca bir təhlükə mənbəyidir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də Metsamordan radioaktiv maddələrin sızmasına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən Metsamor stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirib.
Stansiyanın bağlanmasının vacibliyini vurğulayan Avropa İttifaqı bu məqsədlə 100 milyon avro verməyə hazır olduğunu bildirmişdi. Avropa İttifaqı bu məbləği stansiyanın bağlanması müqabilində Ermənistanın üzləşəcəyi zərərin ödənilməsi və alternativ enerji qaynaqlarının yaradılması üçün verməyi planlaşdırmışdı. Həmçinin ABŞ Enerji Nazirliyi Ermənistana 18 milyon dollar, Avropa İttifaqı 11 milyon dollar maliyyə dəstəyi etmişdir. Fransa nüvə tullantılarının depolanması üçün 40 milyon dollar, İngiltərə isə təhlükəsizlik tədbirləri üçün 80 milyon sterlinq ayırmışdı. Bütün bu yardımlar Ermənistanın stansiyanı bağlaması öhdəliyini tezliklə yerinə yetirməsi üçün edilirdi.
Ancaq Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdi. Ermənistanın o vaxtkı baş naziri Andranik Margaryan Avropa İttifaqı tərəfindən təklif olunan 100 milyon avronun Metsamorun bağlanmasına və onun yerinə qurulacaq alternativ enerji qaynaqlarının yaradılmasına yetməyəcəyini ifadə etmişdi. Heç bir əsası olmayan və ödənilməsi mümkünsüz olan bu məbləğ Avropa İttifaqı rəhbərliyi tərəfindən qəbul edilməmişdi. Buna cavab olaraq Ermənistan da Metsamoru bağlamayacağını elan etmişdi.
1999-cu ildə Brüsseldə Ermənistan hökuməti ilə Avropa İttifaqı arasında Metsamorun 2004-ci ilə qədər bağlanması ilə əlaqədar razılıq imzalanmışdı. Həmçinin Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv olarkən 2004-cü ilə qədər Metsamoru bağlamaq öhdəliyi götürmüşdü. Lakin öhdəliyə rəğmən Ermənistan hökuməti bu sahədə fəaliyyətə başlamış, ölkədə yaşanan elektrik sıxıntısını bəhanə edərək stansiyanın elektrik istehsal gücünü daha da artırmışdı.
Ermənistanın Liberal Partiyasının lideri Ovanes Ovenasyan 2000-ci ildə Avropa parlamentariləri ilə İrəvan görüşündə Avropa Şurasına stansiyanın bağlanması ilə bağlı söz verməsinə baxmayaraq, bunu etmək məcburiyyətində olmadıqlarını bildirmişdi. O, “bəzi şərtlər daxilində” stansiyanın bağlanması mümkünlüyünü bəyan etmişdi. Beləliklə, Ermənistan Metsamordan bir şantaj kimi istifadə edir və stansiya ilə heç bir əlaqəsi olmayan şərtlər irəli sürür.
Bir müddət Avropa İttifaqının təmsilçisi, İngiltərənin Ermənistandakı səfiri olmuş Timoti Marşal Cons Metsamor təhlükəsi ilə bağlı açıqlamasında demişdi: “Baş verəcək güclü bir zəlzələdə Metsamor AES parça-parça olacaq və meydana gələcək nüvənin təsirindən bütün canlılar yox olacaq. Ermənistan verdiyi sözə əməl etməli və stansiyanı bağlamalıdır”. İtaliyanın Ermənistandakı səfiri Paulo Adrea Trabalza da baş verəcək bir zəlzələdə bölgədə kimsənin xilas olmayacağını bildirmişdi. ABŞ səfiri Con Ordvey də stansiyanın təhlükəsizlik standartlarını qarşılamadığını və tezliklə bağlanmasının tərəfdarı olduğunu ifadə edərək, eyni zamanda, stansiyadakı təhlükəsizliyi artırma müddətinə də dəstək verdiyini söyləmişdi.
2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın bağlanmasının vacibliyi açıq şəkildə bildirilib. Məruzədə Bolqarıstandakı Kozludou ilə birlikdə Avropanın ən təhlükəli iki stansiyasından biri olaraq elan edilən Metsamorun Avropa İttifaqı standartlarından çox aşağı olduğu vurğulanıb. Ermənistan parlamentinin enerji komissiyasının üzvü Robert Hazaryan “bu stansiya Avropa standartlarına uymur, Çernobıl Avropadakı atom stansiyalarının daha güvənli olduğunu isbat etdi” fikrini dilə gətirmişdi. Hətta Ermənistanın enerji naziri, stansiyanın əsla Qərb standartları səviyyəsinə gətirilməyəcəyini etiraf etmişdi.
2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etmiş oldu. Həmçinin zəlzələ Beynəlxalq Atom Enerjisi Agentliyi və digər beynəlxalq qurumların məsələ ilə bağlı həssaslığını gücləndirdi. Metsamorun region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq, baş vermiş zəlzələnin fəlakətləri Metsamor AES-in region üçün təhdidini təkzibedilməz edir. Ermənistan rəsmiləri isə israrla bildirirlər ki, indi Yaponiyanın üzləşdiyi atom böhranından Ermənistan sığortalıdır. Onların iddialarına görə, Metsamor stansiyasının reaktorları 8 bal gücündə zəlzələyə davamlıdır. Ermənistanın Nüvə Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin rəhbəri Aşot Martirosyan iddia edir ki, Metsamor stansiyasının soyutma sistemi Yaponiyanın Fukusima-1 stansiyasının sistemindən daha etibarlıdır. Bu yolla da bütün təzyiq və iradlara baxmayaraq stansiyanın “təhlükəsizliyini” qarantiyalamaq almaq istəyən Ermənistan hökuməti hər vəchlə özünü doğru çıxartmağa çalışır.
Beynəlxalq standartlara əsasən, 5 və ondan yuxarı şiddətdəki zəlzələlərin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə SSRİ dövründə heç bir önləm alınmadan 9 bal gücündəki zəlzələ yaşana biləcək bir bölgədə salınıb. Sovet elm adamları stansiyanın belə bir təhlükəli ərazidə tikilməsinin əleyhinə olsalar da, sovet bürokratiyası bu çağırışlara məhəl qoymadı. Metsamor inşa ediləndə onun 8 bal zəlzələyə davamlı olması bildirilmişdi. Həmişəki kimi quru pafoslarla beynəlxalq aləmin gözünə pərdə asmağa çalışan erməni mənbələri guya onun hətta 9,5 bal zəlzələyə tab gətirə biləcəyini qeyd edirlər. Bu bəyanat insanda ikrah hissi doğurur. Yaponiya, ABŞ kimi elm və texnikanın sürətlə inkişaf etdiyi dövlətlərdə belə 9 bala davam gətirən hansısa bina inşa olunmayıb. Lakin yalan və elmsizliyin yüksək inkişaf etdiyi Ermənistan bu “bina”dan xəbərdardır. Erməni hakim dairələri nəinki region əhalisinin, hətta öz vətəndaşlarının belə həyatını heçə sayır.
Lakin yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar heç də ürəkaçan deyil. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, Metsamor olduqca təhlükəlidir. Ermənistanda “Yaşıl Birlik” adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyadan gələn təhlükəni belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, o biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur”. Britaniyalı nüvə fizikası üzrə mütəxəssis Frank Barnabi isə hesab edir ki, Metsamor stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Stansiyanın bütövlükdə region üçün təhdid olması 2011-ci ildə dünyaca məşhur “National Geographic” jurnalının “Erməni atom stansiyası dünyada ən təhlükəlidir?” başlıqlı məqaləsində qeyd olunmuşdur. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonio Venis jurnala açıqlamasında bildirib ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.
Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Cənubi Qafqaz regionu o qədər böyük olmasa da, burada bir neçə dövlətin ərazisi paylaşılıb. Nəticədə region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən öz təsirini göstərir. Metsamorun isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın 37 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurası Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir. Metsamor AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir. Bununla yanaşı, qeyd edilməlidir ki, bu stansiya Avropa məkanı üçün də ekoloji təhlükə mənbəyidir. Təəssüflü haldır ki, Ermənistan tərəfi bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni işıqlandırmışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən Metsamor “Armenia 2” reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru “Armenia 3”ü reallaşdırmağı qərara almışdı.
2013-cü ildə Ermənistan hakimiyyəti böyük pafosla yeni 1060 MVt gücündə energetik reaktor tikmək haqqında qərar verdi. Layihə-smeta işləri aparıldıqdan sonra məlum oldu ki, bu iş onlara 5 milyard dollara başa gələcək. Bundan sonra “üzlü” hökumət nümayəndələri müxtəlif dövlətlərə əl açdılar. Yalnız Rusiya bu məbləğin 20-25 faizini məbləğində kredit verməyə razılaşdı. İllik büdcəsi təkcə Azərbaycanın hərbi büdcəsi miqdarında olan Ermənistan qalan məbləği tapmadığından bu arzusunu uzaq gələcəyə - 2026-cı ilə yönəltdi. 2014-cü il martın 27-də Metsamor AES-in yeni blokunun tikintisinin təxirə salınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində qəbul olundu. Bu, Ermənistanın zəif dövlət büdcəsinin qəbulu idi. Qanun layihəsində AES-in köhnə blokunun 2016-ci ilə kimi işlədilməsi əks olunmuşdur. Ermənistanın energetika naziri Armen Movsisyan buna baxmayaraq AES-in yeni blokunun tikintisi ideyasının təxirə salınmasını qlobal maliyyə böhranı ilə əlaqələndirərək fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdi. Erməni şərhçi Naira Ayrumyan isə bu məsələni Rusiyanın layihədən imtina etməsi ilə əlaqələndirmişdi: “AES tikintisi üçün sərmayə olmayacaq. Niyə olmayacağını anlamaq çətin deyil. Rusiya pul verməyə hazırlaşmır, G7-nin isə erməni layihələrini maliyyələşdirməyə həvəsi yoxdur. Ermənistan da Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların altına düşəcək, burada onsuz da cüzi olan sərmayələr yoxa çıxacaq”- deyə erməni şərhçi Naira Ayrumyan bildirmişdi. Həmçinin şərhçi “əgər AES-in yeni bloku tikilməzsə, köhnə blok 2016-2017-ci illərdə bağlanacaq. Ermənistan təkcə ucuz enerjidən məhrum olmayacaq, o, həm də nüvə dövləti statusunu itirəcək” deyərək erməni hakim dairələrinin bu “mötəbər” statusdan məhrum olmaq istəmədiklərini də çatdırmışdı.
Tarixçi və siyasi şərhçi Oleq Kuznetsov Metsamorla bağlı bu yaxınlarda verdiyi açıqlamasında deyib: “Ola bilsin, əsaslı təmir və yenidənqurma işləri Metsamor AES-in bu enerji blokunun gücünün istismar müddətini daha bir neçə il və hətta on il uzatmağa imkan verəcək, amma Ermənistan Respublikasının öz energetika təsərrüfatına münasibətini təhlil etsək, yenidənqurma imkanları haqqında söhbət artıq bir o qədər də aktual olmaya bilər”.
“Fukusima” qəzasından sonra Avstriya, Yunanıstan, İrlandiya, Latviya, Lixtenşteyn, Lüksemburq, Malta və Portuqaliya nüvə enerjisinə qarşı ortaq bir bildiriş imzaladı. Hələ “Fukusima” faciəsindən əvvəl, İspaniya, Almaniya və İsveç nüvə enerjisindən tamamilə imtina etmək qərarı almışdı. İtaliya da “Çernobıl” faciəsindən sonra stansiyaları bağlamış və 2011-ci ildə keçirilən referendumda yeni stansiyanın tikilişinə ölkə əhalisinin 90 faizi “xeyr” demişdi. Danimarka 1970-ci illərdən etibarən nüvə stansiyaları qurmamaq qərarını verib. İsveçrə elektrik ehtiyacının 38 faizini qarşılayan 5 reaktoru 2034-cü ilə qədər bağlamaq qərarı vermiş, 3 layihəni rədd etmişdi. Belçika isə elektrik ehtiyacının demək olar ki, yarısını qarşılayan 7 stansiyanı 2025-ci ilə qədər bağlamaq qərarı verib. Almaniya da 17 nüvə reaktorunun 8-ni 1980-ci ildən əvvəl bağlamış, qalanlarını isə 2022-ci ilə qədər bağlamaq qərarı vermişdir. Avstriya isə bir nüvə stansiyası qurmuş, lakin xalq razı olmadığı üçün heç istifadəyə belə verməmişdir. Əgər 20 il əvvəl dünyada tükədilən enerjinin 17 faizi nüvədən əldə edilirdisə, bu göstərici günümüzdə təqribən 11 faiz civarındadır. 2030-cu ildə isə 5 faizə qədər düşəcəyi ehtimal edilir.
Göründüyü kimi, nüvə təhlükəsini dərk edən Qərb dövlətləri baş verən qəza və fəlakətlərdən nəticə çıxararaq ölkələrində nüvə enerjisini maksimum surətdə azaltmışlar. Lakin Ermənistan indiyədək ümumilikdə 5 böyük və 150-dən artıq kiçik qəza yaşanmış, köhnə texnologiya üzərində qurulmuş, hər an partlamağa hazır olan “saatlı bomba” adını almış Metsamorun istifadəsində israrlıdır ... Çünki maddi maraq insan təhlükəsizliyindən, ekoloji sağlamlıqdan daha üstündür. Bu gün Metsamor AES Ermənistanın elektrik enerjisi ehtiyatının 40 faizini təmin etməklə qalmayıb, həm də Ermənistanın İran və Gürcüstana elektrik enerjisi ixracında mənbə rolunu oynayır.
Bizi hansı fəlakət gözləyir?
Metsamorda baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişə müraciət etmək kifayətdir. Çernobıl qəzası 7000-ə yaxın insanın ölümü, 25000 insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insanın isə sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır. Hadisədən 28 il keçməsinə baxmayaraq, radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişib. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Modern, güvənilir yüksək texnologiyaya sahib, çalışqanlıqları və məsuliyyətləri ilə məşhur yaponlar belə bu cür qəza ilə baş çıxarmaq qabiliyyətinə malik olmadıqlarını etiraf etdilər.
Araşdırmalar nəticəsində radiasiyaya məruz qalanların gizli şəkildə xəstəlik keçirdikləri və bunun nəticələrinin təqribən 5-30 il sonra ortaya çıxdığı təsbit edilib. Etiraf etməmələrinə baxmayaraq, bədnam qonşularımız hələ ki AES-lərdə cavabı tapılmamış tullantı problemini sadə yolla həll edir. Birincisi, bu tullantlar işğal olunmuş ərazilərimizdə yerləşdirilir, bununla da ümumi radioaktiv fon gücləndirilir. İkincisi, bu tullantılar Araz və Kür çaylarına axıdılır, bununla da Azərbaycan ərazisinə keçirilir. Həmçinin işğal altında olan Azərbaycan ərazisi nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi istifadə olunur. Bu məsələ 2014-cü il martın 25-də keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri olmuşdur. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə Prezidentin çıxışında xüsusi vurğulanmışdır.
Ümumilikdə Metsamor AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:
- Metsamor AES yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 9 və yuxarı bal gücündə zəlzələ riski olan ərazidə yerləşir; Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır – bu, artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır. Dizayn ömrü isə 30 ildir;
- AES modern reaktorlarda nəzərdə tutulan təməl qəzaların nəticələrini əngəlləyəcək şəkildə hazırlanmamışdır. Yanğından qorunma tədbirləri olduqca zəifdir. Təhlükəsizlik analizi hesabatları mövcud deyil. AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq o hələ də istifadədədir. SSRİ dövründə inşa edilən nüvə stansiyalarında VVER, PBMK, EGP və BN olmaqla 4 model reaktor istifadə edilirdi. Təxminən 40 illik bir təcrübə nəticəsində VVER reaktorlarının çox güvənsiz olduğu təsbit edilmişdir ki, Ermənistandakı AES VVER modeli ilə işlədilməkdədir. SSRİ-də inşa edilən nüvə stansiyalarında ən çox qəza VVER reaktoru ilə işləyən stansiyalarda olmuşdur. Belə ki, bu model reaktorlarda Qərb ölkələrindəki nüvə stansiyalarında mütləq şəkildə olan radioaktiv maddə sızıntısının qarşısını ala biləcək polad qübbə yoxdur. Bundan başqa, stansiyanın modern təhlükəsizlik və texniki təminatının olmaması, reaktorun soyudulması üçün istifadə olunan suyun yetərsizliyi və soyutma sisteminin köhnəlmiş olan birinci nəsil layihə ilə inşa edilməsi bölgənin ekoloji vəziyyəti üçün də ciddi təhlükələr meydana gətirir.
Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan Metsamorda baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaq. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımı tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da, müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməyib.
Azərbaycanın təşvişə hər mənada haqqı var. Aprel-may ayları ərzində erməni hərbi birləşmələrinin mövqelərimizə zərbələr endirərkən qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə etməsi düşmənin təcavüzkar və terrorçu simasını bir daha ortaya qoyur. Bütün dünyanın gözü qarşısında bəşəriyyət üçün təhlükəli, qadağan olunmuş hərbi vasitələrdən istifadə Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasıdır. İşğalçı ölkə təkcə təmas xəttində insidentlər zamanı kimyəvi silahdan istifadə etməyə yox, eyni zamanda, Metsamorun nüvə tullantıları vasitəsilə “çirkli bomba” hazırlamağa da maraq göstərir. Hətta Ermənistan hərbi rəhbərliyində təmsil olunan bəzi generallar mətbuata verdiyi açıqlamalarda Azərbaycanı radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la təhdid edib. Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan da dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildiriblər. Bu səbəb də Ermənistanın AES-i bağlamaması üçün göstərdiyi “mücadilə”nin əsaslarındandır ...
Maraqlıdır ki, illərdir İranın nüvə enerjisindən istifadəsinə qarşı Qərb uzunmüddətli təzyiqlər göstərir, sanksiyalar tətbiq edir, lakin Azərbaycanın regiondakı Metsamor təhlükəsi ilə bağlı çağırışları, dəfələrlə beynəlxalq qurumlara müraciətləri cavabsız qalır... Bu isə bir sıra suallar doğurur.
“Stop Metsamor!”
Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil. Beynəlxalq sülh və təhlükəsizlik üçün çox ciddi təhdidlər yaradan nüvə terrorçuluğu bütün bəşəriyyət üçün qlobal xarakter daşıyır. Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır.
Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop Metsamor!” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer 2016-cı ildə change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib. “Stop Metsamor!” petisiyasının imzalanması kampaniyası Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə yönəldilib. Nəzərə almaq lazımdır ki, biganə münasibət böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir.
Bu mübarizənin vacibliyi Prezident İlham Əliyevin 2016-cı il mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitindəki çıxışında xüsusi vurğulanıb. Prezident İlham Əliyev bütün region üçün təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasına, Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadəsinə toxunub. Dövlət başçısı bildirib ki, Ermənistanın sabiq baş naziri, parlament üzvü və digər rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Bu çıxış yalnız Azərbaycan üçün deyil, region və bütövlükdə dünyamızın ekoloji təhlükəsizliyi üçün çox önəmli bir mesajdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”