Azərbaycanın Qələbə payı

Ötən əsrdə bəşəriyyətə  sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin 71-ci  ildönümü tamam olur. İkinci Dünya müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. 1941-ci il iyunun 22-də faşist Almaniyasının hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuş, tarixə Böyük Vətən müharibəsi kimi daxil olmuş dəhşətli və şərəfli bir səhifə açılmışdır.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də  arxa cəbhədə böyük qəhrəmanlıq göstərmiş, xalqın bütün maddi və mənəvi potensialı səfərbərliyə alınmışdı. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuşdu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmişlər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə öz adlarını əbədi həkk etmişlər.

 Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların ön sıralarında məhz Bakı neftçiləri gedirdi. Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbaycan neftçiləri çıxarıb. Danılmaz faktdır ki,  əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Məhz bu səbəbdən də Bakını İkinci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler Almaniyanın birinci tank ordusuna 1942-ci il sentyabrın 25-də Bakını zəbt etmək əmrini vermişdi. Hətta Hitler “Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”, - demişdi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə 3 dəfə Bakı səmasını zəbt etməyə çalışsa da, qəhrəman təyyarəçilərimiz bu hücumların qarşısını almış, düşmənin 96 təyyarəsini məhv etmişdi. Xüsusi vurğulamaq lazımdır ki,  Bakının neft emalı müəssisələri alimləri və mühəndis-texniki işçilərin səyi nəticəsində cəbhə üçün yüksək oktanlı benzin istehsalı da uğurla həyata keçirilmişdi. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Akademik Yusif Məmmədəliyevin başçılığı altında neft-kimya elmində böyük nailiyyət hesab edilən yüksək oktanlı aviasiya yanacağının əldə edilməsi müharibədə motorlar döyüşündə də ciddi dönüşə səbəb olmuşdu.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır.  "Tarix bu gün də bilməlidir ki, ikinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur" deyən Heydər Əliyevmüharibə veteranlarını “xalqımızın qızıl fondu” adlandırırdı.   Qələbənin 60 illiyi ərəfəsində "1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında" 1 may 2005-ci il tarixli fərman veteranların daim diqqət mərkəzində olmasının əyani isbatı idi.  2015-ci ildə Moskvada  Qələbənin 70 illiyinə həsr olunan möhtəşəm bayram tədbirlərində Prezident şəxsən iştirak etmişdir. Faşizm üzərində qələbənin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Prezident İlham Əliyevin aprelin 20-də imzaladığı “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam dövlətimiz tərəfindən veteranlara göstərilən qayğının növbəti təzahürüdür.

Qələbəyə gedən yolda azərbaycanlıların fəaliyyətləri, uğurlarını sadalamaqla bitməz. Bu baxımdan bu günün qeyd olunması Azərbaycanın həm mənəvi-tarixi, həm də dövlətçilik öhdəliyi, borcu və haqqıdır. Çünki 71 illik dövrü əhatə edən tarix Azərbaycan xalqının əvəzsiz töhfələri ilə xüsusi zənginləşir. Unutmayaq ki, müstəqil Azərbaycanın yeni nəslini daha vacib bir qələbə gözləyir. Biz buna inanırıq! Ən böyük qələbəmiz Qarabağdadır!

Nailə Məmmədova

“Azerbaijan Realities”

2016-05-11 / 00:00
Facebook