Avropada islamofobiya
Heç kəsə sirr deyil ki, tarixən dinlərarası ixtilaflar hökm sürmüşdür. Bu ixtilafların ən qabarıq şəkildə əksi, şübhəsiz ki, İslam və Xristianlıq arasında özünü biruzə vermişdir. Günümüzdə mədəniyyətlərarası birlik məfhumu altında dini çəkişmələr nə qədər örtülsə də, dinlərarası mübarizə yeni formatda üzünü göstərməyə başlamışdır. Qloballaşma ilə bərabər bu gün müsəlmanlar da dünyanın dörd bir tərəfində məskunlaşmışdır. Avropada xristianlıqdan sonra ən böyük din qrupunu müsəlmanlar təşkil etməkdədir. 1950-ci illərdə Avropada 800 min müsəlman olduğu halda, bu gün Avropa Birliyi İnsan Resursları Komissiyasının bəyanatına əsasən 44 milyon müsəlman yaşayır. Hazırda Almaniyada 4,76 milyon müsəlman yaşayır. Bu isə ölkə əhalisinin 5,8 faizini təşkil edir. Fransada 4,71 milyon (ölkə əhalisinin 7,5 faizi), Britaniyada 2,96 milyon (4,8 faiz), İtaliyada 2,2 milyon (3,7 faiz), Bolqarıstanda 1,02 milyon (13,7 faiz), Hollandiyada 1 milyon (6 faiz), İspaniyada 980 min (2,1 faiz), Belçikada 630 min (5,9 faiz), Yunanıstanda 610 min (5,3 faiz), Avstriyada isə 450 min (5,4 faiz) müsəlman var. Rəqəmlər ABŞ-dakı "Pew Research Center"in hesabatına əsaslanır.
http://i100.independent.co.uk/article/11-maps-and-charts-to-challenge-your-perceptions-of-europe--x1rXiulXAx
Təxminlərə görə 2050-ci illərdə Avropada müsəlmanların nüfuz sayı 20% olacaqdır. Bu müsəlmanların sadəcə olaraq nüfuz artışı ilə ölçülmür, həm də başqa dinlərdən İslam dininə keçənlərin sayı ilə də tənzimlənir. Bəlkə də Avropanın bugün yaşadığı qorxu İslamiyyətin təkrar bu coğrafiya üzərində hakim təsirə sahiblənəcəyi ilə bağlıdır. Bu səbəbdəndir ki, İslam avropalıya bir elm dini olmaqdan çox mövhumat olaraq çatdırılır, müsəlmanın cahil obrazı yaradılır. Unutmaq olmaz ki, İslam əxlaqı, İslam təfəkkürü, İslam mədəniyyəti, İslam adət-ənənələri Avropada baş verən mədəni inqilabın təməl daşı olmuşdur. Hər nə qədər Avropa müsəlmanların barbar, cahil obrazını yaratmağa çalışsa da Avropanın tarixi mədəniyyəti İslam təməlləri üzərində qurulmuşdur.
2001-ci il 11 sentyabr hadisələri bütün dünyanın diqqətini “din və şiddət” arası əlaqəyə yönləndirdi. İslam dini açıq şəkildə terrorun təkanvericisi kimi xarakterizə olundu. Hər zaman müxtəlif vasitələrlə üstüörtülü şəkildə terrorla əlaqəli göstərilən müsəlmanlar, 11 sentyabrdan sonra “qanuni” şəkildə terrorist adı ilə damğalandılar. Avropada yaşayan müsəlmanlar vətəndaşlıq statusu alsalar da “təhlükəsizlik problemi”nə çevrilmişdilər. Onlara özgə münasibət bəslənilir, “daxili təhdid” olaraq yanaşılırdı. Bu “imic”in formalaşmasında bəzi radikal- islam amalına xidmət etdiklərini bəyan edən, gerçəkdə isə İslamın mahiyyəti ilə heç bir əlaqəsi olmayan qruplaşmaların böyük rolu vardır. Bu isə tarixən sıxışdırılmağa çalışılan İslamın Qərbdəki mənfi yozumuna “bəraət” qazandırır. İslam avropalının gözündə elm, mədəniyyət, əxlaq kimi anlayışlarla deyil, təəssüf ki, daha çox terror məfhumu ilə canlanır. Qərb cəmiyyətinin təfəkkürüncə, islami dəyərlər demokratiya və insan haqqları ilə uzlaşmır.
Son illər Avropada islamofobiya arqumenti bir çox siyasi dairələrin cəmiyyətdə nüfuz qazanmasına xidmət edən təkanverici qüvvədir. Avropanın bəzi irqçi partiyaları islamofobiya vasitəsilə geniş kütləni təsir dairəsinə salmağa çalışırlar. Fransada beynəlxalq cəbhə lideri Jan Mari Lö Pen, İtaliyada irqçi Şimal Liqası partiyası, Avstriyada Azadlıqlar partiyası, Danimarkada Xalq partiyası, Hollandiyada Azadlıq partiyası - Avropada yüksək səs nüfuzuna sahib, anti-İslam partiyalarından bir neçəsidir. Bu partiyalar xüsusilə 11 sentyabr hadisələrindən sonra müsəlman əsilli qaçqınları hədəfə almaqdadırlar. 2002-ci ildə heyvan haqları müdafiəçisi tərəfindən öldürülən Pim Fortuyn ilə 2004-cü ildə Mərakeş əsilli hollandiyalı tərəfindən qətlə yetirilən Teo Van Qoq cinayətləri, bir anda Hollandiyanı dünyanın İslama ən zidd ölkələrindən biri olaraq qarşımıza çıxardı. İslamı ən ağır formalarda təhqir edən, islamofobiyanın “dünyəvi elçisi” olaraq tanınan Hollandiyanın Azadlıq partiyasının yaradıcısı Girt Vilders “11 Sentyabr” hadisələrinin 9-cu ildönümündə Nyu-Yorkda çıxış edərək "Nyu-Yorkun yeni Məkkə olmasına icazə verməyin" ifadələrini dilə gətirmiş, açıq şəkildə müsəlmanlara qarşı mübarizəni siyasi amalı olaraq qəbul etmişdi.
Qərb ölkələrində müsəlmanlardan qorxu xəstəlik halına dönüşüb. Bu vəziyyət elə bir şəkil alıb ki, daim azadlıq, ədalət, bərabərlik çağırışları edən Qərb ölkələrinin çoxsunda müsəlmanlara qarşı gizli mübarizə üsulları seçilmişdir. İsveçrə kimi - Qərbin “azadlıqlar ölkəsi” olaraq tanınan ərazidə hətta minarəyə qarşı mübarizə aparılmış, 2009-cu il 29 noyabr tarixində yeni minarə tikilməsinə qadağa qoyulub qoyulmaması ilə bağlı referendum keçirilmiş və əhalinin 57 %-dən çoxu qadağanı dəstəkləmişdir. Fransada ictimai yerlərdə qoyulan hicab qadağası, 2009-cu ilin iyulunda İngiltərədə keçirilmiş sorğu nəticəsində məlum oldu ki, İngiltərənin şimalı və Qallerdə 71% , Londonda 32%, ümumilikdə isə xalqın 67%-i rübəndli çarşabın qadağan olunmasını tələb edirdi. “Qərbin İslamlaşmasına qarşı Vətənsevər Avropalılar” hərəkatının 22 dekabr 2014-cü il tarixində Drezdendə təşkil etdiyi yürüyüşdə 17 mindən artıq insanın iştirakı Avropadakı İslam xofunun bariz göstəricisidir. 2015-ci ilin ilk 6 ayında Almaniyada 23 dəfə məscidə silahlı basqına cəhd olunmuşdur.
İslamofobiya termini XX əsrin sonlarından etibarən siyasi leksikonda geniş istifadə olunmuşdur. Bir ingilis düşüncə qurumu olan “The Runnymede Trust” tərəfindən 1997-ci ildə yayımlanmış “Islamophobia: A Challenge For Us All”( "İslamofobiya: hər kəs üçün çağırış'') adlı raportda islamofobiya “müsəlmanlara qarşı duyulan təməlsiz qorxu və məmnunsuzluğu ehtiva edən bir baxış bucağı və dünyagörüşü olaraq” tərif edilmiş və müsəlmanlara qarşı kütləvi sıxışdırılma və ayrı-seçkilik olduğu vurğulanmışdır. 2004-cü ildə “The Runnymede Trust” tərəfindən “The New Muslims” (“Yeni müsəlmanlar. İslamofobiya : problemlər, meydan oxumalar və hərəkətlər”) adı altında islamofobiyanın vəziyyətini araşdıran yeni raport yayımlandı. Həmin ildə BMT baş katibinin rəhbərliyi "İslamofobiya ilə mübarizə'' beynəlxalq konfransının keçirilməsinə, Avropa Şurasının isə yüksək səviyyəli görüşlərinin birində islamofobiyanı qınamasına baxmayaraq, bu tendensiya getdikcə daha da güclənməkdədir.
İslamofobiya sadəcə müsəlman nifrətini aşılamır, İslam tarixini, dinini,elmini sıxışdırır. Beynəlxalq aləmin bugün qəbul etdiyi bir çox hüquq və azadlıqlar, hələ VII əsrdə İslam dinində açıq və dolayı şəkildə elan olunmuşdur. İslam elmdir. Günümüzdə İslamın əsas problemi onun əsl mahiyyətini anlayan və izah edən geniş ziyalı kütləsinin Avropa auditoriyasına çıxış imkanının məhdud olmasıdır. İslam Avropalıya olduğu kimi deyil, bəzi özünü dindar adlandıran müsəlmanların çıxış və hərəkətlərinə uyğun olaraq təhrif olunmuş şəkildə çatdırılır. Eyni zamanda Qərbin bəzi dairələri İslamı gözdən salmaqda, onu qorxu və vəhşət dininə çevirməkdə maraqlıdır.
İŞİD qorxusu realdırmı?
Yeni bir dini radikal qruplaşma, özlərini İslam dövləti kimi təqdim edən İŞİD bu gün dünya müsəlmanlarının qorxulu kabusuna çevrilmidir. Ədalətli mübarizə adı altında qorxunc barbarlıqlara imza atmaqla İslam və terror anlayışlarının yanaşı şəkildə işlənməsi üçün Qərbin əlinə bir fürsət düşürür. İslamofobiyaçılar İŞİD-dən İslamı terrorizmlə eyniləşdirmək, müsəlmanların cahil və qorxunc obrazını yaratmaq üçün bir vasitə kimi istifadə edirlər. Lakin islamofobiyaçılar İŞİD-in qeyri-müsəlmandan çox müsəlman öldürdüyünü, Qərbə hədəflərindən daha çox müsəlman şəhərlərini dağıtdığını, müsəlmanlar arasında ayrıseçkilik yaratdığını göz ardı edirlər. Siyasi sabitsizliyin və daxili müharibənin pəncəsində olan İraq və Suriyada daha kəskin olmaqla Orta Şərqdə ciddi bir hərbi qüvvəyə malik olan “İraq Şam İslam Dövləti” qurumu tətbiq etdiyi üsullarla təkcə İslam cəmiyyətinin deyil, bütün bir insanlıq ailəsinin nifrətini qazanmışdır. “Dini mübarizə” pərdəsi altında heç bir dini istinadla izah edilməyəcək cinayətlər həyata keçirən bu təşkilatın arxasında hansı strateji məqsədin dayandığına dair sual hələ də cavablandırılmamışdır. İŞİD-in öz fəaliyyətini genişləndirməsi islamofobiyanın yeni dalğasının yaranmasına və yayılmasına səbəb oldu, Qərb toplumunda irqçilik və düşmənçiliyin daha da şiddətlənməsinə gətirib çıxardı. İslam adına hərəkət etdiyini iddia edərək dəhşətli hadisələrə imza atan İŞİD, İslamın təməl qanunlarını tapdalamaqla qalmadı, uzun illərdir ki müsəlmanların islamofobiyaya qarşı apardığı mübarizəni də iflasa uğratdı. Təşkilat Qərbdə müsəlmanlara qarşı irqçi nifrətini daha da alovlandırdı. Bu vəziyyət, eyni zamanda islamofobik qüvvələrin qlobal arenada güclərini birləşdirəcəklərinə dair təzyiqi artırdı. Araşdırmalara əsasən, İŞİD-in yaranmasından bu yana, Avropada radikal sağçı partiyalara qoşulanların sayı kəskin surətdə artmışdır. Hətta İslamı təhdid olaraq qiymətləndirən bəzi qüvvələrin “Xaç ittifaqı”nın yaranması zəruriyyətini ortaya atması dini fanatizmin son dərəcə təhlükəli bir şəkil aldığını göstərir. Almaniyanın “Fokus” jurnalı, İsveçrənin “Sonntags Zeitung” qəzeti kimi bir çox KİV-də yayımlanan xəbərlərdə İŞİD tərəfindən təhdid edilən xristianlara dəstək olmaq üçün bölgədə müharibəyə gedən gənclərdən bəhs edilirdi. Hollandiya və Avstriyada İŞİD bəhanəsilə müsəlmanlara qarşı təzyiqlər getdikcə artmaqdadır. Avstriyada “radikalizmlə mücadilə” adı altında həyata keçirilən hər cür təzyiqlər əslində sırf müsəlmanlara qarşı yönləndirilmişdir. Yerli mediada tez-tez istifadə olunan “islamçı terroristlər” kimi ifadələrin məqsədi İslamla terror arasında uydurulmuş əlaqəni şüuraltı şəkildə vətəndaşlara çatdırmaqdır.London polisinin hesabatlarına əsasən, son illər ərzində müsəlmanlara qarşı istər şəxsi, istər ictima şəkildə təzyiqlər getdikcə artmaqdadır.
İŞİD nədir? Bu gün Avropada İslama qarşı mübarizəyə, dirənişə səbəb əsas amil özünü sözdə müsəlman dövləti elan edən İŞİD-dir. Xüsusilə, 2014-cü ilin ortalarından etibarən Yaxın və Orta Şərqdə İŞİD-in fəaliyyətinin intensivləşməsi müsəlman probleminin aktuallığını qoruyub saxlayır. İŞİD fəaliyyəti müsəlmanlara bir damğa olaraq vurulur, İŞİD adı altında İslam dini təhqir olunur. İŞİD İslam pərdəsi adı altında bütövlükdə müsəlman dünyasına qarşı mübarizə aparır. Daim islamofobi düçüncənin hakim olduğu Qərb üçünsə islam dinini ləkələməyə faktiki olaraq əlavə bir “imkan” yaradır.
Son illər dünyada ən çox müzakirə olunan İŞİD İraq müharibəsinin ilk illərində qurulmuş, 2004-cü ildə “Əl-Qaidə” ilə bağlılığını elan edərək “İraq Əl-Qaidəsi” adlandrılmışdır. 2012-ci ildə ABŞ-ın İraqdan çəkilməsiylə gücünü ikiqat artırmışdır. 2013-cü ilin aprelində “Əl-Qaidə”nin İraqdakı qruplaşmasından ayrılaraq müstəqilliyini elan etmişdir. Bu terror qruplaşmasının açıqlamasına görə içlərində ABŞ,Almaniya, Fransa, İngiltərə vətəndaşı olan silahdaşları da vardır. Əbu Bəkr əl-Bağdadinin 29 iyun 2014-cü il tarixində xəlifəliyini elan etməsiylə İŞİD də adını dəyişərək özünü İslam Xilafəti elan etdi . İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin haqqında çox az məlumat vardır. Bəzi informasiyalarda onun MOSSAD-ın hazırlıq kurslarını keçdiyi iddia olunur. Hətta Bağdadinin 2004-cü ildə Amerika əsgərləri tərəfindən əsir götürüldüyü, sonra qaçdığı da bildirilir. Xəlifənin tutulması üçün MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) 100 nəfərlik xüsusi qrup yaratdğı deyilsə də, onun harada olması haqda məlumat belə yoxdur. Amerikanın casus peykləri və pilotsuz təyyarələri də xəlifəni “tapa bilmirlər”.
Bugün İŞİD birmənalı qarşılanmır, adlanmır. Kiminə görə terror qruplaşması, kiminə görə islam dövləti, kiminə görə vəhabbi/sələfi qruplaşması və s. kimi yozulur. Tarixən Qərb İslam dövlətləri daxilində düşmənçilik yaratmaqla onları “öz əlləriylə” məhv etməyə çalışmış, seyrçi mövqedə dayanmışlar. Qərbin bu missiyası çox vaxt öz nəticəsini göstərmişdir. Qərb üçün ən xeyirli təsir və müdaxilə seçimi məhz budur: İslamdaxili düşmənçilik- seyrçi mövqe. Mənbəyi, tarixi, məfkurə və silahdaşlarının kimliyi məlum olmayan, absurd dövlətini elan edən İŞİD də Qərb üçün bu baxımdan əlverişli bir təsir vasitəsidir.
Gizli məlumatları mediaya sızdırdığı üçün Rusiyaya sığınan keçmiş CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) və NSA (Milli Təhlükəsizlik Agentliyi) işçisi Edvard Snoudenin İŞİD-lə bağlı yaydığı məlumatlar hadisələrdə “Qərbin əlini” yenidən gündəmə gətirdi. CIA və NSA-nın bütün gizli bilgilərinə sahib olan Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyat idarələrinin dayandığını açıqlamışdır. O qeyd etmişdir ki, bu üç dövlətin kəşfiyyatı “eşşək arısı yuvası” adlı strateji planla dünyadakı bütün terror qruplaşmalarını bir araya gətirmək istəyir. Beləliklə də, bu dövlətlər dünyanın hər hansı bir nöqtəsində agentlikləri tərəfindən idarə olunan bir terror qurumu vasitəsilə həm enerji mənbələrini əldə etməyi, həm də regionlardakı siyasi boşluğu doldurmağı hədəfləyir. Snouden İŞİD-in məqsədinin İsraili qorumaq olduğunu vurğulamışdır. Diqqətçəkici məqam da islami dəyərlərə zərər vuran və bölgəni xaosa aparan İŞİD-in İsrailə qarşı heç bir əməliyyat keçirməməsi və heç bir xəbərdarlıq etməməsi, yalnız müdafiəsiz insanları hədəf almasıdır. G20-nin Antalya sammitində Rusiya prezidenti Vladimir Putinin öz çıxışında İŞİD-i 40 dünya ölkəsi, o cümlədən Böyük 20-yə daxil ölan bəzi ölkələrin maliyyələşdirdiyini bildirməsi Qərbin İŞİD-in mövcudluğuna maraqlı olmasının göstəricisidir. Putinin sözlərinə görə, Sammit çərçivəsində aparılan danışıqlarda İŞİD-in maliyyələşdirilməsinin qarşının alınmasıyla bağlı Rusiyanın təşəbbüsü ilə irəli sürülən qətnamənin BMT tərəfindən qəbul olunması müzakirə olunub. Bu etiraf əslində Qərbin “məsumiyyətinin” iflasıdır. Demək mümkündür ki, Qərb İŞİD qruplaşmasının əsas maliyyə mənbəyi və əsas təkanvericisidir.
İŞİD-in mübarizəsi xristianlara qarşı deyil; əksinə, müsəlmanların daha çox yaşadığı ərazilərdə davamlı partlayışlar törətməklə İŞİD sübut edir ki, İslam mübarizəsi aparmır. İŞİD Suriya və İraqda 250 mindən çox insanın- müsəlmanın həyatına son qoyub. Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin fikrincə: "İraq müharibəsi İŞİD-in yaranmasına kömək edib". Bəli, İŞİD-in meydana çıxması Qərbin bitib-tükənməyən neft hərisliyinin, demokratiya adı altında aparılan “mənfəət siyasəti”nin nəticəsi idi. İŞİD müsəlmanların seçimi deyildir!
İŞİD kəliməsi son zamanlar bəzi xarici mətbuat orqanlarında DEAŞ (DAESH) olaraq səsləndirilir. DAEŞ (“Əl Dövlət Əl İslamiyyə Fil İraq Vel Şam”) ərəb ölkələrində bu terror təşkilatına verilən addır. Bu qurumun “İslam dövləti” olaraq adlandırılmamasının kompaniyasını Fransa Xarici İşlər naziri Loran Fabius başlatmışdır. O, 10 sentyabr tarixində İŞİD-lə bağlı etdiyi çıxışda “bunlar bir dövlət deyil, terrorist qrupudur” ifadəsini işlətmişdir. Fabius bu terror qrupunun İslam dövləti kimi çağırılmasının əleyhinə olduğunu bildirmişdr. Çünki belə adlandırma İslam,islamiyyət, müsəlman anlayışlarına çağırış oyadır. O, bu qurumun ərəblərin söylədiyi kimi DAESH, yaxud “DAESH qatilləri” olaraq adlandırılmasının tərəfdarı olduğunu açıqlamışdır. Bu çıxışdan 5 gün sonra Fransa Prezidenti Fransua Olland da DAESH terminini işlətmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında DAEŞ abveriaturasını işlətmiş və belə izah etmişdir: “İslamı terror birliyi olaraq göstərtmək istəyənlər var. Anlamı barış olan din əsla terrora icazə verməz. Diqqət edin İŞİD demirəm, çünki bunlar bir terror qruplaşmasıdır”.
Qərbin yeni İslamofobiya bəhanəsi
13 noyabr Paris terroru Qərbdə islamofobiyanın yenidən “bəraət qazanması” üçün qığılcım oldu. Avropada müsəlmanların həyatı təhlükə altına girdi. Fransa başda olmaqla bir çox Avropa ölkələrində başıörtülü qadınlara, saqqallı kişilərə qarşı təhdidlər artdı. Xüsusilə də Avropaya köç edən, çadırlarda yaşamaq məcburiyyətində qalan Suriyalı qaçqınların həyatı üçün təhlükə yaranıb. Parisin 7 fərqli nöqtəsində baş verən , Fransa tarixinə ən qanlı terror kimi daxil olan bu hadisə yenidən müsəlmanları hədəf altına aldı. Hadisə şahidlərinin terroristlərin “Suriya üçün” deyə bağırdıqları və təkbir gətirdiklərini deməsi, terror baş verən anda İŞİD-in qələbə xəbərlərini yayması artıq hadisənin təşkilatçılarının kimliyini gizli saxlamadı. Terror hadisəsini İŞİD öz öhdəsinə götürdü. “Le Monde” qəzətinin redaksiyasına göndərilən məktubda “Bu bizim Fransadan qisasımızdır, bunu Suriyaya görə edirik və hadisə Fransanın 11 sentybarıdır” kimi ifadələr işlədilib.
Fransa Prezidenti Fransua Olland İŞİD-in üstələndiyi terror hadisəsindən sonra Parlamentdəki çıxışında “Mədəniyyətlər savaşına girmirik, bu qatillər hər hansı bir mədəniyyəti təmsil etmir”desə də , ölkədə məscidlərə, müsəlmanlara təzyiqlər Avropada müsəlmanların gələcəyini şübhə altına salır. Baş nazir Manuel Valsın “Fransanın bütün radikal imamları sərhəddən xaric etməsi lazım olduğunu” deməsi, Daxili İşlər naziri Bernard Kaznövün (Bernard Cazeneuve) də “nifrət yayan məscidləri” bağlayacaqları ilə bağlı açıqlamaları müsəlmanların çətin bir dönəmə qədəm qoyduqlarının işarətidir.
“Fransa İslamofobiya ilə mücadilə dərnəyi”nin spikeri Yasser Lüteva (Lutaoi) ““bizə səsinizi çıxarmırsız” deyənlər danışdığımızda bizi görməzdən gəlir və ya eşitmək istədiklərini söyləyəcək başqa birini tapırlar” deyə bildirərək bu terrorla müsəlmanların hədəf altına alındığını, etirazlarının da dinlənilmədiyini bildirmişdir. O qeyd etmişdir ki, müsəlmanlar bu savaşın tam ortasındadır. “Bu hadisəni təşkil edənlərlə, hadisəyə görə müsəlmanlara müharibə açanlar bir-birlərinə o qədər bənzəyir ki... Hər ikisi də müsəlmanlara “ Siz Fransaya aid deyilsiniz, gedin...”” deyə vurğulamışdır.
“Spinwatch”un London üzrə Araşdırma Qurumunun üzvü olan pr. Sarah Marusek terror hadisələrindən sonra: “Bu gün müsəlmanlar qeyri-bərabər və ədalətsiz bir dünya sistemini qoruyub saxlamaq üçün xüsusilə hədəf alınırlar”- deyə cəsarətli bir çıxış etmişdir. Marusek İŞİD-in terror hücumunun ardından müsəlmanların üzr istəmək üçün xüsusi psixoloji vəziyyətə gətirilməsinin, bu “jest”in onlardan gözlənilməsinin də yanlış olduğunu dilə gətirdi.
Salzburq Universitenin Sosial və Siyasi elm Fakultəsinin üzvü olan pr. Fərid Hafezin fikrincə isə, müsəlmanlar dar Avropalı perspektivinə sıxışdırılmamalıdır. Təkcə Parislə deyil, Livan, Əfqanıstan və ona bənzər demək olar ki, hər gün terror qurbanı olan ölkələr üçün də eyni cür dayanışma göstərilməsi lazımdır.
Paris terrorunun “11 sentyabr” hadisələri ilə yan-yana çəkilməsi əslində İslam aləminə bir siqnaldır. Necə ki, 11 sentyabr hadisələri dünyanın geosiyasi xəritəsinin dəyişməsi , yeni münaqişə ocaqlarının yaranması ilə yadda qaldı, eləcə də 13 noyabr terroru Fransanın Şərq yürüşünün genişlənməsinə və neft müharibəsinə qoşulmasına təkan oldu. Dünya siyasi xəritəsi yeni dəyişiklərə hazır olmalıdır..
Parisdəki terrordan əvvəl Beyrutda, Bağdadda baş verən terror aktlarını da İŞİD üstələnmişdi. İnsanlığa sığmayan terror heç bir din, dil, irq, sərhəd tanımır. Qeyd edək ki, 12 noyabr tarixində,Livanın paytaxtı Beyrutda 2 terrorçu kamikadzenin özünü partlatması nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanmışdı. Bu terror aktı Beyrutda 25 il əvvəl baş vermiş vətəndaş müharibəsindən sonra ən ağır partlayış idi.
Ədalətiz yanaşma
İŞİD Qərbin islamofobiya yanaşmasını doğrultmağa çalışan, müsəlmanın terrorist obrazını yaratmağa xidmət edən bir qurumdur. Unutmayaq ki, günümüzdə “hakimiyyətin 4-cü qolu” hesab edilən KİV üzərinə böyük iş düşür. Müasir KİV-ə bir baxış keçirək. Bu gün KİV daha çox Qərbin maraqları üzərində qurulmuşdur. Milyonlarla insanın “KİV-lə manipulyasiyası” daha sərfəli və təsirlidir. Bu gün dünya insanları Qərbdə baş verən ən cuzi bir hadisəni belə daha tez duyur, daha tez paylaşır. Müsəlman dövlətlərində, ümumən, Şərqdə baş verən hadisələr – terror, aclıq, münaqişələr - barədə isə dünya vətəndaşı məlumatsızdır. 13 noyabr Fransa terroru bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayətdir. 130 məsum, günahsız vətəndaşın öldürülməsi, təbbi ki, özünü mənən insan adlandıran hər bir şəxsə ağırdır. Bu hadisə bütün dünyanı, mətbuatı silkələdi. Təəssüfedici hal odur ki, Fələstin və Suriyada hər gün öldürülən günahsız körpələr, yetim qalan uşaqlar, evləri dağıdılmış, ailə üzvləri səpələnmiş müsəlmanlar, aclığa, sussuzluğa, çöldə yaşamağa məhkum olmuş insanlar dünya mətbuatı üçün o dərəcədə “maraqlı” deyil. Dünyəvi ədalət bu yollamı təmin olunacaq? Əgər biz bu dünyanın insanı, vətəndaşıyıqsa onun hər guşəsində baş verən problemlər eyni səviyyədə qabardılmalı, çatdırılmalıdır. İŞİD İslamı təmsil edən bir qurum olaraq təqdim olunur. Nəzərə çatdıraq ki, İŞİD yarandığı dövrdən etibarən daha çox müsəlmanların qorxulu kabusu olmuşdur. Minlərlə müsəlman olmazın işgəncələrə məruz qalmış, öldürülmüşdür. İŞİD-in fəaliyyətindən ən çox əziyyət çəkən məhz müsəlmanlardır.
“New York Times” qəzeti son Qəzza savaşından sonra Avropada yayılan antisemitizm dalğası haqqında bir yazı yayımlamışdı. (20.09.2014) Xəbərin məğzində dayanan əsas məqsəd ondan ibarətdir ki, “...İsrail dövlətinin etdikləri ucbatından yəhudilərə nifrət edilməməlidir”. Məqalədə Avropada gizli şəkildə yayılan antisemitizm dalğası ilə bağlı həyəcan siqnalı çalınır, narahatlıq ifadə olunurdu. Bəs müsəlmanlar belə bir anlayışın onlara da tətbiq olunmasını istədikdə nə üçün heç bir reaksiya verilmir? İslam və İŞİD arasında ayrımın ön plana çəkilməsi tələb olunduqda nədənsə Qərb dünyası buna məsuliyyətsiz yanaşmanı ortaya qoyur. Yüz milyonlarla müsəlmanın inancı, əxlaqı ilə İŞİD kimi bir barbarlığın qəti şəkildə fərqləndirilməsi vacibdir.
Əəsrin vəhşəti-terror və Azərbaycan
Azərbaycan Respublikası Fransada baş verən hadisələrə ilk münasibət bildirənlərdən biri olmuşdur. Dövlət başçısının 14 noyabr tarixində Fransa Prezidenti Fransua Ollanda ünvanladığı başsağlığında dövlətimizin terrorizmin bütün təzahürlərinə qarşı hər cür mübarizə aparılmasını dəstəklədiyini bildirmişdir.
18 noyabr 2015-ci il tarixində reallaşan UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edən Prezident İlham Əliyevin “İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir” ifadəsi belə bir mötəbər tədbir üçün İslamın müdafiəsi idi. Prezident çıxışında; “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm” deməsi terrorun yalnız İslamla əlaqələndirilməməsi, xristian dinini təmsil edən ermənilərin də tarixən terror törətdiklərini, lakin Azərbaycanın bunu xristian terroru kimi deyil, erməni terroru kimi qəbul etdiyinə işarə idi. Bəli, terrorun dini olmur. Əks halda Azərbaycan illərdir, çox uzağa getməyək elə keçən əsrin əvvəllərində törədilən “Xocalı faciəsi”ni xristian terroru olaraq dünyaya yaya bilər, yanlış münasibət formalaşdıra bilərdi.
1991-1992-ci illərdə Azərbaycan erməni işğalı nəticəsində 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi. 1992-ci ildə əsrin faciəsi törədildi. Nizələrə keçirilmiş körpələr, ana bətnində öldürülən körpələr, qulağı,gözü – müxtəlif bədən hissələri qoparılmış, diri-diri yandırılan insanlar dünyanın gözü qabağında olmuşdu. Xocalı faciəsi bütün dünyanın, ö cümlədən bir çox fransız jurnalistlərinin gözü qarşısında baş vermişdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Gnet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla onları kölgədə qoydular”. Fransanın “Le Mond” qəzeti 14 mart 1992-ci il tarixli dərcində yazırdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. Bəli, bütün dünyanın qəbul etdiyi, lakin etirafa cürət etmədiyi reallıq budur!
Bu gün də işğal olunmuş ərazilərimiz ekoloji terrora məruz qalır, zəngin təbii sərvətlərimiz, zəngin bitki örütüyümüz məhv edilir, Qarabağ narkotik maddələrin daşınması üçün əlverişli tranzit mərkəzinə çevrilir. Təəssüf ki, Azərbaycanın 20 ildən çoxdur ki bəyanatlarına, beynəlxalq və regional təşkilatların qətnamə və bəyanatlarına baxmayaraq cinayətkar Ermənistan cəzasız qalır.
"Hayastan" ümumerməni fondunun Fransa ofisi tərəfindən noyabrın 18-dən 22-dək keçirilən 16-cı Avropa telemarafonunda toplanan bütün vəsaitlər Azərbaycan ərazisi kimi tanınan və erməni işğalı nəticəsində uzun illərdir beynəlxalq təcriddə olan “separatçı Dağlıq Qarabağ” bölgəsində icma mərkəzlərinin tikintisinə ayrılacaq. Əsas təssüfedici məqam marafonun Paris meri Ann İdalqonun himayəsi altında keçirilməsidir. Baxmayaraq ki, Fransa Minsk qrupunun da üzvüdür. Belə olan halda münaqişənin ədalətli həllində Fransanın nə dərəcədə obyektiv və qərəzsiz olması sual altına alınır. Fransanın Villerban şəhəri ilə 20 ildən artıqdır ki Azərbaycanın Ermənistanın işğalı altında olan Şuşa şəhəri arasında saziş imzalanmışdır. May ayında Fransanın Villerban şəhərinin meri Jan Pol Bret separatçı Dağlıq Qarabağ rejiminin "başçısı" Bako Saakyanı qəbul etmişdi. Fransanın bir çox tanınmışları -incəsənət xadimləri, ziyalıları, ictimai xadimləri – vaxtaşırı olaraq separatçı quruma səfər edir, “mehriban və səmimi” şəkildə qarşılanırlar.
Terrorla mücadilə; islamofobiyaya yox!
Bir din və dinin mənsubları geniş bir topluluq tərəfindən bir təhdid ünsürü olaraq görülüb qorxu yaradırsa həll yolu mütləq ki, qorxunun səbəblərinin araşdırılıb tapılmasıyla mümkündür. Avropa cəmiyyəti, qurumları və KİV bir bütün halında çalışaraq bu qorxunun üstünə getməli, yaradan səbəbləri aydınlaşdırmalıdır. Ölkələrində çoxluqla yaşayan və cəmiyyətin bir parçasını formalaşdıran müsəlmanlara təhdid olaraq yanaşılması və bu səbəblə də çərçivələnmiş bir həyat yaşaması demokratiyanı, huququ və insan haqqlarını “önəmsəyən” Avropa ölkələrinin imicini də zədələməkdədir. Necə ki Avropa İslamı, müsəlmanları təhlükə obyekti olaraq görür, hər cür hüquq və azadlıqlardan məhrum etməyə çalışırsa, qarşılıqlı şəkildə müsəlmanlar da Qərbə hədə-qorxu obyekti kimi yanaşırlar.
İlk sivilizasiya məhz Şərqdə formalaşmışdır. Şərq təfəkkürü, elmi-fəlsəfi dünyagörüşü, ixtiraları daim diqqət mərkəzində olmuşdur. XI əsrdə səlib yürüşlərini reallaşdıran xristianlar məhz Şərqdən (o cümlədən müsəlmanlardan) mədəniyyət, etik davranış qaydalarını mənimsəmiş, barbar yaşam tərzindən tədricən uzaqlaşmağa başlamışlar. Zaman keçdikcə mənimsədikləri yenilikləri, mədəniyyəti, davranışı özününküləşdirmiş, saxta etik normalarını formalaşdırmışlar. Günümüzdə isə Qərb İslam dünyasını cahillikdə “günahlandırır”. İslamın sütun təməli hesab olunan “Qurani-Kərim” VII əsrdən yayılmasına baxmayaraq, bugünün özündə belə Qərbin aparıcı alimlərinin tapa bilməyəcəyi elmi sirrləri, kəşfləri özündə gizlədir.
İslam şiddət deyil! İslam terror deyil! İslam humanizm, birlik, ədalət, bərabərlikdir! İslam bəşəri qurtuluşdur! İslamın əsl mahiyyət və dəyərini anlamayan, islam prinsipləri ilə heç bir əlaqəsi olmayan bir qrup tərəfindən uydurulan və kütləvi şəkildə yayılan “İslami terror” bu dinə ziddir. Bütün dünya müsəlmanları, müsəlman alimləri İslamın sülhsevər, real mahiyyətini ortaya qoymalıdır. İslam şəfqət, sevgi, hörmət, barış dinidir! Qurani-Kərim buyurur ki, “Bir insanı öldürmək, bəşəriyyəti öldürməkdir. Bir insana həyat vermək bəşəriyyətə həyat verməkdir”. (əl-Maidə; 32)
Terrorla mübarizədə ilk yol önləyici tədbirlərin görülməsidir. İlk əvvəl terrorun mövcud olduğu, kök saldığı yerlərdə mövcud sosial-iqtisadi durum araşdırılmalıdır. Terror qruplaşmaları təhsilin zəif olduğu, iqtisadi-sosial böhranın hökm sürdüyü ərazilərdə maneəsiz “məskunlaşırlar”. Belə bölgələrdə psixoloji zəif, maddi cəhətdən sıxıntılı olan insanları, xüsusən gəncləri terror qruplaşmalarına birləşdirmək daha asan olur. Terror qruplaşmalarının meydana gəlmə şəraiti, terrorun baş vermə səbəbləri geniş şəkildə araşdırılaraq dünyəvi “Terrorla mübarizə Strategiyası”nın hazırlanması olduqca zəruridir. Çünki terror tək bir dövlətə qarşı yönəlmir, bütün insanlığa qarşı yönəlir. Terrorla mübarizədə yeganə yol da məhz bütün insalığın birliyidir.
Terrorizmin dini yoxdur. Bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti bütün dünyəvi dinlər lənətləyir. Terrorizm bütün insanlığa, mənəviyyata ləkədir. Ona qarşı mübarizə yolu birlikdir. Lakin bu birlik bəzi dairələrin amalına xidmət etmədiyi üçün müxtəlif pərdələrlə uzaqlaşdırılır. Maraqlı tərəflər süni İslami lider, qruplaşmalar yaradır ki, onlar məhz müsəlmanlara və müsəlmançılığa qarşı yönəlir... Əzilən də, qırılan da, günahkar da müsəlman olur...
Nailə Məmmədova