Bu ilin sentyabrın 24-25 tarixində, bütün müsəlman dövlətlərində olduğu kimi, Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini aindir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (hicri-qəməri təqvimi) 12-ci ayı olan zilhiccə ayının 10-cu günü Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).
Üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən duvara "İsmayıl qurbanı" da deyirlər. İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı, İsmayılı nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir. Islam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Qurban bayramı haqqında Qurani-Kərimdə deyilir ki, “Allah Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi”. Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır. Qurban bayramında imkanı olan hər bir müsəlmanın qurban kəsməsi vacibdir. Amma kasıb adamların qurban kəsməsi vacib buyurulmayıb.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Elə ona görə də, Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində böyük təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Əziz soydaşlarımız,Qurban bayramınız mübarək, qurbanlarınız isə qəbul olunsun!
Gülşən Mehdiyeva