Heydər Əliyev Fondu 10 ildən artıq müddətdə müxtəlif sahələr üzrə layihələr həyata keçirib. Lakin təhsil, səhiyyə, sosial problemlərin həlli Fondun fəaliyyətində ilk gündən prioritet istiqamət olub. Bu sırada valideyn himayəsindən məhrum olan uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərilməsi Fondun əsas məqsədlərindən biridir. 2004-cü ildən həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı üzrə bir sıra layihələr reallaşıb. Fond bu istiqamətdə fəaliyyətini genişləndirərək digər ölkələrdə də proqramlar həyata keçirməyi nəzərdə tutur.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun müsahibəsi:
- Bu günədək Heydər Əliyev Fondu tərəfindən uşaq evlərində və internat məktəblərində hansı işlər həyata keçirilib?
- Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan azyaşlılar, yeniyetmələrə xüsusi diqqət və qayğı göstərir. Məhz bu səbəbdən Fond fəaliyyətinin ilk günündən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramının icrasına başlayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan Fondun işçi qrupu respublika ərazisindəki uşaq evləri və internat məktəblərinin mövcud problemlərini öyrənmək məqsədi ilə mütəmadi monitorinqlər aparır, bu müəssisələrin istər maddi-texniki, istərsə də burada məskunlaşmış uşaq və yeniyetmələrin hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olduğunu araşdırır.
Fond uşaq evləri və internat məktəbləri ilə işi bu müəssisələrin yenidən qurulması, burada məskunlaşan uşaq və yeniyetmələrin problemlərinin həll edilməsi, valideyn himayəsindən, ailə qayğısından məhrum olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi istiqamətlərində aparır.
“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində bu günədək respublika üzrə 36 uşaq müəssisəsi əsaslı şəkildə təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib, əlavə yardımçı binalar inşa olunub, uşaqların asudə vaxtlarını keçirmələri, müəyyən peşələrə yiyələnmələri üçün müxtəlif dərnəklər, rəsm və rəqs kursları təşkil edilib.
Bu istiqamətdə işlər davam etməkdədir. Hazırda Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən qurulur, uşaqlar və yeniyetmələrin istirahətlərinin təmin olunması məqsədi ilə Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün Zirə qəsəbəsində “Dalğa” yay istirahət düşərgəsinin tikintisi həyata keçirilir.
- Fond bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq fəaliyyəti ilə də seçilir. Bu baxımdan valideyn himayəsindən məhrum olan uşaqlara qayğı proqramı digər hansı ölkələrdə həyata keçirilir?
- Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri ilə bağlı fəaliyyətini digər layihələrdə olduğu kimi təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da genişləndirir.
Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti çərçivəsində tərəfimizdən Rusiyanın bir sıra şəhərlərindəki uşaq evlərinin və internat məktəblərinin vəziyyəti araşdırılmış, bu müəssisələrə göstərə biləcəyimiz dəstək müəyyən edilmişdi. Moskva, Sankt-Peterburq şəhərlərində uşaq evlərinə və görmə qabiliyyətini itirmiş uşaqlar üçün internat məktəblərinə səfərlər edilib və burada bir sıra sosial layihələrin icrasına qərar verilib. Hazırda Sankt-Peterburq, Moskva şəhərlərində bir neçə uşaq evi və internat məktəbi Fondun daimi himayəsi altındadır.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün Mərkəz yenidən qurulub. Macarıstanda görmə qabiliyyəti zəif olan uşaqlar üçün Mərkəzin yenidən qurulması və yeni yataqxana korpusunun inşasına başlanılıb. Pakistanda, ABŞ-da, Almaniyada, İsraildə, eləcə də Avropanın digər bir necə ölkəsində kimsəsiz uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial dəstək proqramları həyata keçirilir.
- Heydər Əliyev Fondu cəmiyyətdə həm də valideyn himayəsindən məhrum olan uşaqların dayaq, güvən yerinə çevrilib. Fond buna necə nail ola bilib?
- Heydər Əliyev Fondunun layihələrinin uğurla həyata keçirilməsinin əsas səbəblərindən biri bu işlərin ardıcıl və sistemli aparılmasındadır. Bu mənada uşaq evləri və internat məktəblərində məskunlaşan valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrlə qurulmuş iş bir nümunədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir. Heydər Əliyev Fondu demək olar ki, bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib. Fondun təşkil etdiyi ənənəvi Yeni il şənlikləri, Novruz, Ramazan, Qurban bayramları və digər əlamətdar günlər bu uşaqlarla birgə keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər öz doğum gününü uşaq evlərindən olan körpə və yeniyetmələrin əhatəsində onlarla birlikdə qeyd edir.
Uşaqların təlim və tərbiyəsi ilə bağlı məsələ Fondun prezidentinin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, valideyn himayəsindən məhrum olan uşaqlar və yeniyetmələrə qayğı yalnız uşaq evlərində və internat məktəblərində məşkunlaşdıqları müddətdə təhsili və ya maddi-texniki təchizatı ilə məhdudlaşmır, onların məzun olduqdan sonrakı taleyi, işlə, yaşayış yeri ilə təminatı məsələsinə də xüsusi əhəmiyyət verilir. Artıq ötən müddət ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz gənclərin müvəqqəti məskunlaşdıqları müəssisələri tərk etdikdən sonra yaşamaları üçün bir sıra binalar inşa olunub.
Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq.
Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdü. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm.
- Heydər Əliyev Fondu 2014-cü ildə daha bir yeni layihənin- “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatını etdi. Bu proqram üzrə hansı işlər həyata keçirilir?
- Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yanaşı, öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramına start verib. Proqram çərçivəsində yeni bağçaların tikintisinə başlanılıb, bunların bir neçəsi artıq təhvil verilib.