Qərəzli müqavimətə qarşı uğurlu qələbə

2015-ci il ilk Avropa oyunlarının Bakıda keçirilməsi qərarı heç də birmənalı qarşılanmadı. Ölkəmizin bu nailiyyəti bir qisim daxili və xarici qüvvələr tərəfindən təhrif olunur, yerli və xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv məlumatlar paylaşılırdı. Lakin Avropa oyunlarının boykot edilməsi istiqamətində “canfəşanlıqla” çalışan qüvvələrin qərəzli siyasəti puça çıxdı. Bakı ötən həftə möhtəşəm açılış mərasimi ilə bütün dünyanın diqqətini cəlb edə bildi. Qərbin qərəzli mövqeyi anlaşılandır. Çünki bu gün dünyada erməni lobbisi deyilən və faktiki olaraq Qərb və ABŞ-da gedişata öz möhürünü vuran bir quldur dəstə mövcuddur. Xüsusilə də lobbinin Avropada demokratiya, bərabərlik, ədalət çağırışında olan Fransa tərəfindən bəslənilməsi Fransanın ikili münasibətini ortaya qoyur. Təəssüf ki, insan bərabərliyindən, hər cür ayrıseçkiliyin ləğvindən danışan Qərb dünyası xristian yanaşma tərzini öz siyasətindən kənarlaşdıra bilmir. Ölkə başçısnın da daim vurğuladığı kimi ikili standartlar bu gün Qərb dünyasının aparıcı siyasətidir. Humanizm carçısı olan Qərb milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki qətiyyətli bir addım atmır, insanlığa sığmayan erməni cinayətləri hələ də cəzasız qalır, amma nə üçünsə Qərbin bəzi dairələrinə Avropa oyunlarının ifşası məsələsi daha maraqlıdır. Axı Qərb demokratiyanın, söz azadlığının hakimliyi “altındadır”. Milyonlarla azərbaycanlının fəryadı Qərb üçün təsirli deyil, lakin Azərbaycanda daxili sabitliyi pozmaq, “demokratiya” yaymaq daha təsirlidir. Necə ki hal-hazırda Misirdə, Liviyada, Suriyada, İraqda və s. dövlətlərdə biz bu “demokratiya”nı daha aydın şəkildə görürük.
İdman öz iradəsini yeritmək üçün  böyük güclərin siyasi vasitəsi deyil, olmamalıdır da. İdman müxtəlif irqlərin, dinlərin sülh, barış, dostluq əzmində birləşməsi, mübarizəsidir. İdmandan siyasi vasitə kimi öz diqtələrini yerinə yetirmək üçün istifadə edən  bəzi “demokratik” respublikaların məqsədi iflasa uğradı. Qitə tarixində birinci dəfədir ki, həyata keçirilən oyunlar Azərbaycanın siyasi iradəsini qətiyyətlə ortaya qoydu. Tarixi açılış hər bir vətəndaşa fərəh, sevinc, qürur hissi yaşatdı. Azərbaycan bu missiyanı uğurla davam edən yarışlarla, möhtəşəm bağlanışla bir daha isbat edəcək. Əsas diqqət sözə, şayiələrə deyil, əməli işə, təşkilatçılığa, çəkilən zəhmətə verilməlidir. Təbriklər, Azərbaycan! Qələbən mübarək!

Nailə Məmmədova
Azerbaijan Realities

2015-06-17 / 00:00
Facebook