Region üçün fəlakət mənbəyi

Müasir dövrdə atom elektrik stansiyaları beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biridir. Nüvə terrorçuluğu beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratmaqla, bütün bəşəriyyət üçün qlobal xarakter daşıyır. Nüvə enerjisi məsələsi daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdədir.

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi “Metsamor” stansiyasından 75 kilometr aralıda idi. O zaman Sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi.

Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Cənubi Qafqaz regionu o qədər də böyük olmasa da, burada bir neçə dövlət yerləşir. Nəticədə region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən, öz təsirini göstərir. “Metsamor”un isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq bu reaktorun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildirmişlər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir.

Bununla belə, RİA Novosti-yə istinadən verilən məlumata əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında Rusiyanın "Metsamor" AES-in enerji blokunun istismar müddətini uzatmaq üçün Ermənistana maliyyə yardımı göstərəcəyini deyib.

“Metsamor” AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir. Bununla yanaşı, qeyd edilməlidir ki, bu stansiya Avropa məkanı üçün də ekoloji təhlükə mənbəyidir. Təəssüfedici haldır ki, Ermənistan tərəfi bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni gündəmdə saxlamışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən “Metsamor” “Armenia 2” reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru “Armenia 3”-ü reallaşdırmağı qərara almışdır.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-04-21 / 00:00
Facebook