Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra keçən dövr ərzində oyunların yüksək səviyyədə təşkili ilə bağlı yaradılmış Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yaddaqalan şəkildə keçirilməsi məqsədilə mühüm işlərə imza atır. Lakin ,təəssüf ki, ölkəmizin bu nailiyyəti bir qisim daxili və xarici qüvvələr tərəfindən təhrif olunmağa başlanılmışdır. Yerli və xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv paylaşılan məlumatlar oyunqabağı Azərbaycanın imicinin pozulmasına yönəlmiş addımlardır.
İlk öncə toxunaq “sapı özümüzdən olan baltalar”a - hansı ki, daim “milli birlik” çağırışı altında şəxsi maraq və mənafe naminə çalışan daxili qüvvələrə. Avropa oyunlarına az bir vaxt qala ölkə daxilində çaxnaşma yaratmaq, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək məqsədilə bu qüvvələr tərəfindən müxtəlif səpkili “şou”lar hazırlanır. Qeyri-şəffaf, qərəzli məlumatlar, videolar yerli internet portallarında, sosial şəbəkələrdə paylaşılır. Dövlətinə, millətinə bağlı olan hər bir vətəndaş siyasi mənsubiyyətindən asılı olmayaraq dövlətinin uğurlarını daha da qabartmalıdır. Heç bir əsası olmayan, yanlış məlumatlarla bu oyunları ləkələmək deyil, Azərbaycanın bu oyunları layiqincə keçirməsi, ölkəmizin daha real tanınması üçün əmək lazımdır. Ölkədaxili çaxnaşma yaratmaqla xarici qüvvələrin dəstəyinə “ehtiyac hiss edən” daxili qüvvələr vaxtaşırı xarici KİV üçün məlumat bazası rolunu oynayır. Maraqlı burasıdır ki, milli ruhdan kənar, ermənipərəst şəxslərin birliyindən toplaşan bu qüvvələr Qarabağ mövzusunda həmin “əzəmətli birliyi” nümayiş etdirmirlər. Qarabağ həqiqətlərinin dünyada yayılmasına yardımçı olmurlar, sonra isə milli rifahdan dəm vururlar. Pafoslu çıxışlarla diqqət cəlb etməyə çalışanların fəaliyyəti əslində satqınlıq, riyakarlıqdır! Bununla Azərbaycanı istəməyən bir qrup kənar qüvvələrin də “canfəşanlığı” üçün imkan yaradırlar.
Böyük Britaniyanın “Amnesty International” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”. Bütün bunlar ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən xarici qüvvələrin fəaliyyətidir. Avropanın bir sıra dövlətlərində, xüsusilə Almaniya, Fransa kimi qabaqcıl inkişaf etmiş dövlətlərdə Avropa oyunları ilə bağlı qara PR müəyyən mənada səmərəli fəaliyyət göstərir. Rəsmi dövlət mövqeyinin olmamasına baxmayaraq Avropa oyunlarının boykot edilməsi istiqamətində “canfəşanlıqla” çalışan qüvvələr mövcuddur. Qərbin qərəzli mövqeyi anlaşılandır. Çünki bu gün dünyada erməni lobbisi deyilən və faktiki olaraq Qərb və ABŞ-da öz möhürünü vuran bir quldur dəstə mövcuddur. Xüsusilə də lobbinin Avropanın demokratiya, bərabərlik, ədalət çağırışında olan ölkəsi Fransa tərəfindən bəslənilməsi Fransanın qərəzli mövqeyinin izahına aydınlıq gətirir. Təəssüf ki, insan bərabərliyindən, hər cür ayrıseçkiliyin ləğvindən danışan Qərb dünyası xristian amilini öz siyasətindən kənarlaşdıra bilmir. Ölkə başçısnın da daim vurğuladığı kimi ikili standartlar bu gün Qərb dünyasının aparıcı siyasətidir. Humanizm carçısı olan Qərb milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki qətiyyətli bir addım atmır, insanlığa sığmayan erməni cinayətləri hələ də cəzasız qalır, amma nə üçünsə Qərbin bəzi dairələrinə Avropa oyunlarının ifşası məsələsi daha maraqlıdır. Axı Qərb demokratiyanın, söz azadlığının hakimliyi “altındadır”. Milyonlarla azərbaycanlının fəryadı Qərb üçün təsirli deyil, lakin Azərbaycanda daxili sabitliyi pozmaq, “demokratiya” yaymaq daha təsirlidir. Necə ki hal-hazırda Misirdə, Liviyada, Suriyada, İraqda və s. dövlətlərdə biz bu “demokratiya”nı daha aydın şəkildə görürük.
İdman oyunlarından hər hansı bir “siyasi oyun” kimi faydalanmağa çalışan istər yerli, istərsə xarici qüvvələrin bütün cəhdləri yenə də iflasa uğrayacaq. Əsas işi sözə yox, fəaliyyətə vermək lazımdır. Çünki nəticə təhrif oluna bilməz, fəaliyyət, əmək, zəhmət öz nəticəsini verəcək və Bakı Avropa oyunları Avropa tarixində ilk və əvəzsiz bir yarış olaraq qeyd olunacaq.
Nailə Məmmədova
Azerbaijan Realities